POLŞA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ TƏRƏFDARDIR
AZƏRTAC xəbər verir ki, Polşa Respublikası xarici işlər nazirinin dəvəti ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyunun 12-13-də Polşaya rəsmi səfər etmişdir.
Azərbaycan XİN-in mətbuat xidmətindən bildirmişlər ki, səfərin ilk günü nazir E.Məmmədyarov Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşmüşdür. Görüşdə ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər müzakirə olunmuşdur. Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Polşanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini yüksək qiymətləndirmişdir.
R.Sikorski ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini təkrarlayaraq qeyd etmişdir ki, Polşa münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıdır və onun bu mövqeyi dəyişməz olaraq qalır.
Azərbaycan rəsmisi iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, iqtisadi münasibətlərin genişləndirilməsinin vacibliyini bildirmişdir. Beynəlxalq təşkilatlar, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı əməkdaşlığa toxunan nazir Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq tərəfdaşlığı” təşəbbüsündən Azərbaycanın məmnunluğunu ifadə etmiş, hər iki ölkənin həm ikitərəfli, həm də regional və beynəlxalq məsələlərdə mövqelərinin oxşar olduğunu vurğulamışdır.
Azərbaycanın Polşa üçün 10 prioritet ölkədən biri olduğunu qeyd edən R.Sikorski onun Avropa enerji təhlükəsizliyində vacib rol oynadığını qeyd etmişdir. Polşanın Azərbaycanla həm ikitərəfli, həm də Vışeqrad+GUAM, eləcə də Vışeqrad+Azərbaycan formatında əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən polşalı nazir, ölkəsinin Azərbaycanı digər Avropa İttifaqı (Aİ) ölkələrindən daha yaxşı anladığını söyləmiş, Azərbaycanın Aİ ilə əməkdaşlığının inkişafı üçün səy göstərməyə hazır olduğunu qeyd etmişdir.
Görüşün sonunda nazirlər birgə mətbuat konfransı keçirmişlər.
İyunun 12-də nazir E.Məmmədyarov Polşa Senatının Marşalı Boqdan Boruseviçlə görüşmüşdür. B.Boruseviç Azərbaycan-Polşa münasibətlərinin dinamik inkişafından məmnunluğunu bildirmiş, Azərbaycan Parlamentinin 90 illik yubiley təntənələrində iştirak etmək üçün iyunun 18-də Bakıya səfər edəcəyini diqqətə çatdırmışdır.
Görüşdə enerji sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli, iqtisadi və humanitar sahədə əməkdaşlıq, Azərbaycanın beynəlxalq parlament strukturlarına inteqrasiyasında Polşanın rolu və s. məsələlər müzakirə edilmişdir.
Tərəflər qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamaqla yanaşı, iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsinə ciddi ehtiyac olduğunu da qeyd etmişlər.