Polşada keçirilən sammitdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən danışılıb
Bakı, 11 iyun, AZƏRTAC
Polşada keçirilən Beynəlxalq Qadın Sammitində Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək dünyanın müxtəlif bölgələrindən gəlmiş yüzlərlə tanınmış qadına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət edərək onları işğalçı Ermənistanın cinayətlərinə biganə qalmamağa çağırıb. Milli Məclisin deputatı Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi problemlərdən danışıb. Bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək ərazimizin 20 faizini işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır öz yurd-yuvasına qayıda bilmir. Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın, məcburi köçkün qadın dünyanın harasında yaşamasından asılı olmayaraq bu sammitdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla, nüfuzlu, fəal qadınların bu ədalətsizliyə etiraz etməsini, doğma yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyir.
Çıxışı zamanı deputat Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə də məlumat verib.
“Biz dünyanın hər yerində insanları qaçqın, köçkün salan səbəblərlə fəal mübarizə aparmasaq onların sayı və problemlər daha da artacaq. Ona görə, işğala, insanların evlərinə qayıda bilməsinə mane olan səbəblərə qarşı mübarizə sərt olmalıdır. Belə ölkələrə qarşı ciddi təzyiqlər göstərmək lazımdır. Doğma yurduna qayıda bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən məhz bunu gözləyir”, - deyə Q.Paşayeva bildirib. Deputat sammitin iştirakçılarına Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu təqdim edib.