Polşada parlament seçkilərində hakim partiya qalib gəlib
Vyana, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Polşada keçirilən parlament seçkilərində hakim “Hüquq və Ədalət” (PiS) partiyası qalib gəlib.
AZƏRTAC xəbər verir ki, “exit-poll“un nəticələrinə görə, PiS 36,6 faizlik nəticə ilə Seym seçkilərinin qalibi olub və 200 mandat əldə edib. Ən böyük müxalifət qrupu olan Vətəndaş Koalisiyası 31 faiz səslə parlamentdə 163, Üçüncü yol 13,5 faizlə 55, “Yeni Sollar” isə 8,6 faizlə 30 mandata sahib olub. İfrat sağçıları təmsil edən konfederasiya isə 6,2 faizlə parlament kürsülərinin 12-nə yiyələnib.
Hakim partiya seçkilərdə qalib gəlsə də, mütləq səs çoxluğu üçün lazım gələn 231 mandatı əldə edə bilməyib və koalisiya danışıqlarına getməli olacaq. Maraqlı məqam ondan ibarətdir ki, bütün müxalifət partiyaları ümumilikdə tələb olunan mütləq səs çoxluğuna malikdir və səkkiz ildən bəri hökuməti təkbaşına formalaşdıran PiS partiyasının üçüncü dəfə hökumət qurmasını əngəlləyə bilər.
Seçkilərin yekun nəticəsi oktyabrın 18-də elan ediləcək. Polşa konstitusiyasına görə, ölkə Prezidenti Andjey Duda seçkidən sonra 30 gün ərzində yeni parlamentin ilk iclasını çağırmalıdır.
Varşava