Polşada “Vışeqrad qrupu” və “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir
Varşava, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Varşavada “Vışeqrad qrupu” və “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir. Xarici siyasət idarələrinin rəhbərləri Avropa İttifaqının Şərq siyasətinə dair sammitə hazırlıq məsələlərini müzakirə edirlər. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Avropa İttifaqının Şərq siyasətinin gələcəyinə dair danışıqlarda Xorvatiya, Estoniya, Rumıniya və İsveç XİN başçıları, habelə genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə Avropa komissarı Yohannes Xan da iştirak edir.
Varşava görüşü Şərq tərəfdaşlığı qrupunun noyabr ayında Brüsseldə keçiriləcək sammitinə hazırlıq olacaq.
Polşa diplomatiyasının rəhbəri Vitold Vaşşikovskinin sözlərinə görə Polşanın geosiyasi vəziyyəti nəzərə alınmaqla “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq Polşa üçün böyük əhəmiyyət kəsb edir. V.Vaşşikovski deyib: “İndiki məqamda “Şərq tərəfdaşlığı” Avropa İttifaqının Şərq siyasətinin yeganə mühüm vasitəsidir. Bunun sayəsində bizim şərqli tərəfdaşlarımız Avropa ilə yaxınlaşır, habelə Avropanın şərqində, Avropa İttifaqının şərqində sabitləşmə baş verir”.
Qeyd edək ki, XİN başçıları bu görüşdə infrastrukturun inkişafı, energetika problemlərini, habelə təhlükəsizlik məsələlərini də müzakirə edəcəklər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava