PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN TƏBRİZDƏKİ BAŞ KONSULLUĞUNDA OLMUŞDUR
Yanvarın 26-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Təbrizdəki baş konsulluğunda olmuşdur. Binanın qarşısına toplaşan təbrizlilər dövlətimizin başçısını hərarətlə salamladılar.
Azərbaycan Prezidenti konsulluğun binası ilə yaxından tanış oldu, burada yaradılmış iş şəraitindən razı qaldığını bildirdi.
Baş konsul əvəzi Cavanşir Vəkilov qısa müddət ərzində görülən işlər barədə məlumat verərək dedi ki, burada ilk dəfə olaraq latın əlifbası ilə müstəqil ictimai-siyasi, ədəbi nəşr olan “Körpü” jurnalı buraxılmışdır. Jurnalda xalqımızın ümummilli lideri Heydər Əliyevin İran-Azərbaycan əlaqələrinə dair fikirləri, ölkəmiz haqqında ətraflı məlumat verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev diplomatlarımıza uğurlar arzulayaraq dedi ki, əminəm, konsulluq yaxşı işləyəcəkdir. Bilirsiniz ki, bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin arzusu idi.
Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahi ümummilli liderimizi xatırlayaraq dedi ki, cənab Prezident, vaxtilə dünya şöhrətli siyasi xadim Heydər Əliyevi Təbrizə dəvət edəndə mənə dedi ki, sən Təbrizdə Azərbaycanın konsulluğunu aç, mən uça-uça gələcəyəm. Bu, ona qismət olmasa da, Zati-alinizə qismət oldu. Allah ona rəhmət eləsin.
İLHAM ƏLİYEV: Bu, ikitərəfli əlaqələrimizin nə qədər yüksək olduğunu göstərir. İnsanlar nə qədər əziyyət çəkib Tehrana gedir, oradan viza alır, sonra da qayıdırlar. Həm vaxt itir, həm də maddi cəhətdən problem yaranır.
ELMAR MƏMMƏDYAROV (Azərbaycanın xarici işlər naziri): Cənab Prezident, son iki ay ərzində konsulluq tərəfindən 525 viza verilmişdir.
İLHAM ƏLİYEV: İnşallah, ümid edirəm, Təbriz-Bakı reysi də açılsa, çox yaxşı olacaqdır.
MƏHƏMMƏDƏLİ SÜBHANULLAHİ: Yaxın vaxtlarda bunun da şahidi olacağıq.
İLHAM ƏLİYEV: Bina da yaxşıdır. Bu yeri siz seçmisiniz?!
ABBASƏLİ HƏSƏNOV (Azərbaycanın Tehrandakı səfiri): Cənab Prezident, Prezident Xatəmi Bakıya səfərindən sonra Təbrizdə konsulluğun açılmasına rəsmi razılıq verdi. Onda gəlib cənab Sübhanullahi ilə bir yerdə bina axtaranda bu yeri seçdik. Çünki bu bina şəhərin yaxşı yerindədir, insanların buraya gəlməsi o qədər də çətin deyildir. Həm də bina təzədir, burada yaşayan olmayıbdır. Bəzi təmir işlərini də yekunlaşdırmışıq. Beləliklə, şəhərin yaxşı bir yerində konsulluq fəaliyyətə başladı.
İLHAM ƏLİYEV: Gözəl yerdir. Mən buraya gələndə ətrafda yeni tikililəri gördüm. Çox müasir binalardır. Gərək burada çalışanlar yaxşı işləsinlər ki, bizim əlaqələrimizə lazımınca kömək etsinlər.
Bilirsiniz ki, artıq konsulluğun icazəsi verildi, bizim təklif etdiyimiz konsulun namizədliyi hökumət tərəfindən təsdiq olunubdur. Təbii ki, qayıdan kimi Fərman verəcəyik ki, o, işə başlasın. Hamınıza uğurlar olsun.
Sonra Prezident İlham Əliyev Təbriz baş konsulluğunun əməkdaşları
ilə xatirə şəkli çəkdirdi, jurnalistlərə müsahibə verdi.
SUAL: Cənab Prezident, Siz İrana rəsmi səfərinizdən razı qaldınızmı, ümumiyyətlə, gözlədiyiniz nəticəni ala bildinizmi?
CAVAB: Hesab edirəm, bəli, nəticələri ala bildik. Mən artıq bu barədə bugünkü mətbuat konfransında fikirlərimi açıqladım. Mən səfərin yekunları ilə çox razıyam. Hesab edirəm, çox uğurlu səfər olubdur. Şübhə etmirəm ki, ikitərəfli münasibətlərin daha da güclənməsi baxımından səfər çox uğurlu olubdur. Apardığım bütün danışıqlar, söhbətlər onu göstərir ki, hər iki tərəfdə əlaqələrin genişlənməsi üçün böyük maraq var və böyük səylər göstərilir. Razılaşdırılmış sazişlər, müqavilələr öz bəhrəsini verməkdədir.
Bakıda cənab Xatəminin səfəri çərçivəsində imzalanmış sənədlər də çoxdur və bu gün burada imzalanmış sənədlər də qısa müddət ərzində həyatda öz əksini tapacaqdır. Bir sözlə, hesab edirəm, gələcəkdə biz bu səfərin nəticələrini görəcəyik.
SUAL: Cənab Prezident, valilikdə keçirdiyiniz görüşdə vali Sizdən bir sıra məsələlərin həllini xahiş etdi. Bununla bağlı nə deyə bilərsiniz?
CAVAB: Mən dedim, bizim ikitərəfəfli, hökumətlərarası komissiya çox səmərəli işləyibdir. Bu səfərdən əvvəl də Tehranda komissiyanın iclası keçirilmişdir və bütün məsələlər orada müzakirə olunur, o cümlədən problemli məsələlər. Deyə bilərəm ki, bizim aramızda artıq problemli məsələ qalmayıbdır. Hansısa xırda məsələ var ki, öz həllini tapmalıdır, komissiya çərçivəsində bu məsələ həll edilə bilər ki, insanlar bir-birilə daha da rahat əlaqə saxlasınlar, gediş-gəliş daha da asan olsun. Əlbəttə ki, mövcüd olan hansısa xırda problemlər də tezliklə, operativ qaydada həllini tapsın.
SUAL: Cənab Prezident, Siz bütün səfərlərinizdə olduğu kimi, İrana səfərinizdə də Dağlıq Qarabağ probleminin həlli məsələsini xüsusi müzakirə etdiniz. İran böyük qonşudur, həm Azərbaycanın, həm də Ermənistanın qonşusudur. Siz bu səfərdən sonra İranın Dağlıq Qarabağ probleminin həlli, daha doğrusu, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən çəkilməsi istiqamətində hansısa addımlar atacağını gözləyirsinizmi və ümumiyyətlə, İranın rolunda bir dəyişiklik varmı?
CAVAB: İran bu məsələ ilə əlaqədar öz mövqeyini birmənalı şəkildə ən yüksək səviyyələrdə dəfələrlə bildirmişdir. O cümlədən, cənab Xatəminin Azərbaycana səfəri zamanı verdiyi bəyanat birmənalı idi. İndiki səfər çərçivəsində də hörmətli cənab Prezident İranın mövqeyini açıq-aydın bildirdi.
Bundan başqa, bütün beynəlxalq təşkilatlarda, bütün səviyyələrdə biz daim İranın bu məsələ ilə bağlı mövqeyini hiss edirik, ədalətli mövqeyini çox bəyənirik və son dəfə Birləşmiş Millətlər Təşkilatında keçirilmiş müzakirələr zamanı İranın mövqeyi yenə də birmənalı idi. Bu baxımdan ümid edirəm ki, bu çox aydın mövqe və birmənalı yanaşma, əlbəttə, münaqişənin sülh yolu ilə nizama salınması üçün mühüm rol oynayır.
Azərbaycanla İran arasında olan əlaqələr çox mühüm əlaqələrdir. Hər iki ölkə üçün, regionda sülhün, sabitliyin bərqərar olunması üçün, ümumiyyətlə, regional əməkdaşlıq baxımından çox vacibdir. Görün, indi aramızda nə qədər sazişlər imzalanıbdır. Bunlar elə-belə sənədlər deyildir. Yəni onların heç biri kağız üzərində qalmayacaqdır. Son dörd-beş ayın təcrübəsi göstərir ki, Bakıda imzalanmış bütün sənədlər icra edilibdir.
İranın və Azərbaycanın iqtisadi potensialı artır. Bizim ikitərəfli iqtisadi əlaqələrimiz güclənir. Energetikada, humanitar sahədə bütün başqa sahələrdə. Yəni nəyi demək istəyirəm, əlbəttə ki, bizim aramızda olan münasibətlər həm Azərbaycan üçün, həm də İran üçün hər hansı bir başqa ölkə ilə olan münasibətlərlə müqayisə edilə bilməz. Mən hesab edirəm ki, bu birmənalı mövqe, xüsusilə Ermənistanın işğalçı siyasətinin açıq-aydın pislənməsi mühüm haldır. Mən bu münasibətlə cənab Xatəmiyə, İran hökumətinə öz minnətdarlığımı bildirdim. Hesab edirəm ki, əgər bütün ölkələr, beynəlxalq ictimaiyyət belə birmənalı mövqe tutsa, məsələ tezliklə öz həllini tapar.
SUAL: Cənab Prezident, Xəzərin statusuna dair apardığınız danışıqlardan sonra İranın mövqeyində hər hansı bir yumşalma varmı, yoxsa yenə də 20 faizə iddia edir?
CAVAB: Bilirsiniz, biz hansısa yumşalmadan heç vaxt söhbət aparmırıq. Hər bir tərəfin öz mövqeyi var. Biz də hər bir mövqeyə hörmətlə yanaşırıq. Əgər hansısa bir mövqe mövcuddursa, deməli, bunun arxasında hansısa məsələlər var. Biz istəyirik ki, həmin məsələ həllini tapsın və müvafiq qurumlar, nümayəndələr bu istiqamətdə işləyirlər və özü də çox gərgin işləyirlər. Bizim, hər iki tərəfin niyyəti, səmimi niyyəti bundan ibarətdir ki, bu məsələ öz həllini tapsın. Düzdür, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmaması demək olar ki, Xəzərdə aparılan işlərə mənfi təsir göstərmədi. Bizim onillik təcrübəmiz də onu göstərir ki, bu, Xəzər dənizinin karbohidrogen yataqlarının işlənilməsi üçün problem yaratmır. Amma buna baxmayaraq, biz istəmirik ki, bu məsələ daim belə asılı vəziyyətdə qalsın. Biz istəyirik ki, Xəzəryanı ölkələrin hamısı ortaq bir məxrəcə gəlsinlər, məsələ öz hüquqi həllini tapsın və beləliklə, bu məsələyə son qoyulsun.
Mən Bakıda da, burada da Prezident Xatəmi ilə apardığım danışıqlar çərçivəsində ifadə olunan təkliflərə çox böyük diqqətlə baxıram və müvafiq göstərişlər də verilibdir ki, bu məsələ daha da dərindən incələnsin. Hər iki tərəfin mövqeyi müzakirə olunsun və biz bir yol tapaq ki, məsələ öz həllini tapsın. Hər halda, hər iki tərəfin istəyi bundan ibarətdir və göstərişlər də verilibdir. Ümid edirəm ki, danışıqlarda irəliləyiş olacaqdır.
SUAL: Cənab Prezident, AŞPA-da Devid Atkinsonun məruzəsi qəbul olundu. Yəqin ki, Sizə bu barədə məlumat verilibdir. Bu, Sizi razı saldımı?
CAVAB: Bəli, mənə dünən axşam saatlarında məlumat verilibdir. Mən qətnamənin mətninə baxdım, Bakıya qayıdandan sonra onunla dərindən tanış olacağam və müzakirələr aparılacaqdır. Əlbəttə, hesab edirəm ki, bu, bizim böyük qələbəmizdir. Bizim arzumuz idi ki, Avropa Şurasında bu məruzə hazırlansın və məruzə ətrafında qətnamə qəbul edilsin, Ermənistanın işğalçı siyasəti burada öz əksini tapsın. Ermənistan bir işğalçı dövlət kimi, təcavüzkar dövlət kimi burada qınaq obyektinə çevrilsin. Orada “separatçı qüvvələr” ifadəsi işlədilsin. Bir sözlə, Azərbaycana qarşı edilən bütün təcavüzlər orada öz əksini tapsın - etnik təmizləmə məsələsi, bütün digər məsələlər. Ermənistan tərəfi həmişə bunun əleyhinə çıxırdı. Hər dəfə çalışırdı ki, bu müzakirə baş tutmasın, qətnaməyə dəyişikliklər etməyə çalışırdı. Bu, bir prosesdir. Əlbəttə, deyim ki, bu qətnamə məni yüz faiz qane edir, əlbəttə, yox. Amma haradasa, 90 faiz qane edir.
Əgər Ermənistanın reaksiyasına baxsanız görərsiniz ki, onlar o qətnamənin qəbul olunmasından çox məyus olublar. Çünki bu, münaqişənin məğzini bir daha bütün dünyaya açıqlayır. Bu, münaqişəyə siyasi qiymətin verilməsi deməkdir. Biz Avropa Şurasından başqa bir şey gözləmirik. Avropa Şurasının başqa mexanizmləri yoxdur. Sadəcə, bu çox vacib bir forumdur ki, bu məsələyə siyasi qiymət verir. Minsk qrupu məsələnin praktiki həlli ilə məşğuldur. Birləşmiş Millətlər Təşkilatı indi bizim təşəbbüsümüzlə məsələyə digər prizmadan yanaşır. Avropa İttifaqı bu məsələyə daha çox iqtisadi baxımdan yanaşır ki, məsələ həll olunsun və regionda iqtisadi əməkdaşlıq olsun. Avropa Şurası isə sırf insan haqları baxımından, siyasi qiymət baxımından bu məsələyə öz münasibətini bildirdi.
Beləliklə, bizim də siyasətimiz elə bundadır ki, Ermənistana hər tərəfdən təzyiq göstərilsin. Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi qınasınlar ki, bu da öz növbəsində, danışıqlar prosesində müsbət rol oynayacaqdır. Biz bu müsbət rolu hiss edirik. Əlbəttə, ucuz söz olar ki, deyək Avropa Şurası bunu qəbul etdi, ermənilər də bu torpaqlardan çəkildilər, getdilər. Biz o qədər də sadəlövh deyilik. Amma bu, ümumi işimizə mühüm bir töhfədir və biz bunun nəticəsini görəcəyik.
SUAL: Cənab Prezident, Ermənistan rəsmilərini narahat edən iki layihə var idi. Bunlardan biri Şimal-Cənub dəhlizi, digəri isə Qars-Tbilisi dəmir yolunun çəkilməsidir. Deyirlər ki, bu layihələr reallaşsa, biz bütün kommunikasiyalardan kənarda qalacağıq. Bəlkə də mənə belə gəlir ki, o iki layihədə nədənsə bir ləngimə var. Şimal-Cənub layihəsi İranda da müzakirə olundu, işlər nə yerdədir?
CAVAB: Mən hesab etmirəm ki, ləngimə var. Birincisi, Qars-Tbilisi dəmir yolu ilə bağlı müzakirələr demək olar, daha da intensivləşibdir. Əgər bir neçə il bundan əvvəl bu, sadəcə olaraq, bir fikir, ideya kimi yaşayırdısa, bu gün artıq praktiki danışıqlar aparılır. Yəqin xatırlayırsınız ki, mənim Gürcüstana rəsmi səfərim çərçivəsində, demək olar, ilk dəfə Azərbaycan tərəfindən təklif irəli sürüldü ki, beynəlxalq konsorsium yaradılsın. Azərbaycan da bu konsorsiumda həm hökumət, həm də şirkətlər səviyyəsində orada iştirak edə bilər və məsələ həll oluna bilər. Ondan sonrakı dövr onu göstərdi ki, artıq praktiki danışıqlar aparılır, məsələ müzakirə olunur və biz də çox maraqlıyıq ki, bu, tezliklə öz həllini tapsın. Azərbaycan özünə düşən maliyyə öhdəliyini də üzərinə götürməyə hazırdır ki, məsələ həll olunsun.
Şimal-Cənub dəhlizinə Azərbaycan artıq qoşulubdur. Bu istiqamətdə işlər gedir. Əgər biz bunu Şərq-Qərb dəhlizi ilə müqayisə etsək, görərik ki, Şimal-Cənub layihəsi bəlkə də daha sürətlə inkişaf edir və burada daha böyük addımlar atılır. Biz hər bir regional layihənin iştirakçısı olmaq istəyirik və olacağıq da, bəzi regional layihələrin isə təşəbbüskarıyıq. Bu, ilk növbədə, bizim öz problemlərimizi həll edəcəkdir.
Azərbaycandan kommunikasiyalar - dəniz, avtomobil yolları, neft-qaz kəmərləri, nə qədər çox keçsə, o qədər də bizim həm iqtisadi vəziyyətimiz yaxşı olacaq, həm də regionda çəkimiz artacaqdır. Eyni zamanda, əlbəttə, sirr deyil ki, bütün bu layihələrin nəticəsində Ermənistan tamamilə bütün regional əməkdaşlıqdan birmənalı şəkildə təcrid olunacaqdır. Bu layihələr həyata keçsə, Ermənistanın arzuladıqları o yollar məsələsi də gündəlikdən tamamilə çıxacaqdır. Onların heç bir əhəmiyyəti olmayacaqdır.
SUAL: Cənab Prezident, ümumiyyətlə, son illər Azərbaycan-İran münasibətlərində xüsusi yaxınlaşma müşahidə olunur. İran Prezidentinin Bakıya, xüsusilə Sizin Tehrana səfərinizdən sonra bu münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Ola bilərmi ki, bundan sonra İran Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret olaraq Ermənistana iqtisadi təzyiq göstərsin? Təsdiqlənməmiş məlumata görə, dünən bu məsələ müzakirə olunubdur. Ermənistanın Azərbaycanla yolları bağlıdır, Türkiyə sərhədi açmır və İran da belə bir təzyiq göstərsə...
CAVAB: Mən sadəcə olaraq, burada bu məsələni, necə deyərlər, diqqətə çatdırırdım. Mən heç bir təklif irəli sürmədim.
SUAL: Cənab Prezident, Amerikanın və Avropanın siyasəti Azərbaycanın İrana yaxınlaşmasına mane olmur ki?
CAVAB: Bizim ikitərəfli əlaqələrə heç kim təsir edə bilməz. Azərbaycan bütün ölkələrlə, o cümlədən İranla öz xarici siyasətini müstəqil şəkildə qurur. Biz istəyirik ki, ikitərəfli münasibətlər inkişaf etsin və bu münasibətlər müstəqil şəkildə aparılsın. Heç kim heç kimi məcbur etmir, heç bir başqa xarici amil də bizim ikitərəfli münasibətlərdə heç bir rol oynamır. Bizim böyük tariximiz var, bağlılığımız, oxşarlığımız var. Biz qonşu ölkəyik, ümumi sərhədimiz də var. Bu sərhədin arasında heç kim yoxdur ki, hansısa bir təsir etsin. Mən hesab edirəm ki, ancaq müstəqil ölkələr, güclü ölkələr özlərinin, xalqlarının xeyrinə müstəqil siyasət apara bilərlər.