Prezident İlham Əliyevin birinci rübün yekunlarına dair müşavirədəki çıxışı Bolqarıstan mətbuatında geniş işıqlandırılıb
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi çıxışı Bolqarıstanın aparıcı xəbər agentliklərində geniş işıqlandırılıb.
Ölkəmizin Bolqarıstandakı səfirliyndən AZƏRTAC-a bildiriblər ki, yayılan məlumatlarda dövlətimizin başçısının fikirlərinə geniş yer verilib, beynəlxalq təşkilatların postmünaqişə reallıqlarını qəbul etməsi, davamlı sülhün təmin olunması və münasibətlərin normallaşdırılması məqsədilə Azərbaycanın irəli sürdüyü 5 prinsipin Ermənistan tərəfindən qəbul olunması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılmış addımlara xüsusi yer ayrılıb.
Məlumatlarda Prezident İlham Əliyevin çıxışından sitatlar gətirilərək Azərbaycanın bölgədə sülh və əmin-amanlığa nail olmaq məqsədilə fəaliyyət göstərdiyi vurğulanıb.
Bununla yanaşı, Azərbaycanın 2022-ci ilin birinci rübünün nəticələrinə əsasən əldə etdiyi iqtisadi nailiyyətlər barədə bəhs olunaraq ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 6,8 faiz artması, qeyri-neft sektorunun sürətli artım nümayiş etdirdiyi, ölkənin xarici borcunun ÜDM-nin 12,5 faizinə enməsi, bu ilin ilk 3 ayında xarici ticarət dövriyyəsində 5 milyard ABŞ dolları məbləğində müsbət saldonun müşahidə olunması, dövlət büdcəsinin icrasında profisitin yaranması və s. məsələlər yerli oxucuların diqqətinə çatdırılıb.