Prezident İlham Əliyevin düşünülmüş siyasəti - tarixi qələbəmizin ilkin şərtləri
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan xalqı üçün həyati əhəmiyyət daşıyan Qarabağ probleminin həlli Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Onilliklər ərzində insanlarda belə bir təsəvvür yaranmışdı ki, Qarabağ düyününün açılması üçün hələ uzun illər lazım gələcək. Lakin Azərbaycan xalqının qələbə əzmi, eləcə də dövlətimizin apardığı uğurlu siyasət torpaqlarımızın tezliklə azad edilməsinə, ədalətin bərpa olunacağına zəmanət verirdi.
Bir daha bu qənaətə gəlmək olar ki, hər bir işdə qələbə qazanmaq üçün cəmiyyətdə ilk növbədə inam yaradılmalı və ardıcıl siyasət yeridilməlidir. Məhz belə bir siyasətin nəticəsi olaraq Azərbaycan xalqının tarixi qələbəsini təmin etmək mümkün olub.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oqtay Alxasov söyləyib.
O bildirib ki, keçən əsrin 90-cı illərində respublikamızda baş verən hərc-mərcliyin qarşısını almaq məqsədilə xalq öz xilaskarını - Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə gətirmiş oldu. Heydər Əliyev xalqın qələbə əzmini, inamını özünə qaytardı, müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarı oldu.
Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycan xalqının son 200 ildə əldə etdiyi ən uğurlu qələbəsini təmin etmiş oldu.
“Tarixi qələbəmiz ilk növbədə uğurlu iqtisadi siyasətlə bağlıdır desək, yanılmarıq. İqtisadi qüdrəti və gücü olmayan dövlətin heç bir sahədə inkişafı mümkün deyil. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası ölkəyə küllü miqdarda gəlir gətirdi. Yeni istehsal sahələri yaradıldı, xüsusilə qeyri-neft sektorunun inkişafı təmin edildi. Bu da əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, maddi gəlirlərinin artmasına səbəb oldu.
Bu gün Azərbaycan dünyanın bir çox ölkəsinə neft ixrac edir, Avropanın qaz təchizatında önəmli rol oynayır. Artıq enerji siyasətində yeni bir istiqamət götürülüb - “yaşıl enerji”, yəni bərpaolunan enerji növlərinin istehsalı və ixracı üçün çox böyük layihələr keçirilir. Bütün bunları COP-29 iqlim dəyişikliyi konfransının ölkəmizdə keçirilməsi haqqında dünya ölkələrinin verdiyi qərar bir daha təsdiq edir”, - deyə alim bildirib.
O. Alxasov vurğulayıb ki, uğurlu iqtisadi siyasət respublikada təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrin də inkişafına təkan verib. İdmançılarımız öz parlaq qələbələri ilə bayrağımızı böyük idman tədbirlərində dalğalandırır, dünyanın nüfuzlu universitetlərində azərbaycanlı tələbələrin sayı daim artır, ən müasir səhiyyə ocaqları yaradılır, idman və mədəniyyət obyektləri tikilir və s.
Prezident İlham Əliyevin diqqət mərkəzində duran ən başlıca istiqamət, əlbəttə ki, hərbi qüdrətimizin artırılması olub. Ordu quruculuğu, ən müasir silah və sursatla təchizat, peşəkar hərbçilərin yetişdirilməsi qələbəmizin təmin olunmasında həlledici rol oynayıb. 44 günlük Vətən müharibəsi bütün dünyaya hərbi gücümüzü göstərdi və müharibədə tətbiq olunan döyüş taktikaları dünya hərb tarixinə yazıldı. Fəxrlə deyə bilərik ki, Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş taktikaları dünya ölkələrinin hərbi akademiyalarında tədris vəsaiti kimi maraq doğuraraq tətbiq olunmağa başlandı.
Azərbaycan Prezidentinin daha uğurlu fəaliyyətinin köklərini isə dövlətimizin çox uğurlu diplomatik siyasətinin həyata keçirilməsində axtarmaq lazımdır: “Azərbaycanın çox mürəkkəb geosiyasi mövqeyə malik olan regionda yerləşməsi bütün qonşularla, eləcə də dünyadakı qlobal güclərlə tarazlı siyasətin aparılmasını tələb edirdi. Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında tanınması istiqamətində işləri uğurla davam etdirib. Məhz belə bir siyasət dünyada, eləcə də Avrasiya məkanında yeni geosiyasi durumun yarandığı, Rusiya və Ukrayna arasında hərbi münaqişənin baş verdiyi, ABŞ, Çin, Qərbi Avropa ölkələri və Rusiya arasında ciddi rəqabətin olduğu, Yaxın Şərqdə münaqişələrin davam etdiyi bir vaxtda Azərbaycanın öz müstəqil siyasi xəttini qoruyub saxlamasına imkan verdi. Eyni zamanda, Azərbaycan öz əlverişli coğrafi mövqeyindən istifadə edərək şimal və cənub, şərq və qərb arasındakı nəqliyyat əlaqələrinin qurulmasında aparıcı rolunu oynamaqdadır.
Bu gün biz, eyni zamanda, Zəngəzur dəhlizinin açılması üçün təmkinli və ardıcıl siyasətin təzahürünü izləyirik. Azərbaycan ərazisinin qədim Naxçıvan torpaqları ilə birləşdirilməsi, Çindən Avropaya gedən nəqliyyat dəhlizinin təmin edilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir və əminik ki, tezliklə bu problemin də həlinə nail olunacaq.
Prezident İlham Əliyevin düşünülmüş, nəzəri və praktik cəhətdən əsaslandırılmış daxili və xarici siyasi xətti özünü doğruldur və əminik ki, hələ uzun illər boyu xalqımıza yeni uğurlar, yeni nailiyyətlər bəxş edəcək”.