PREZİDENT İLHAM ƏLİYEVİN JURNALİSTLƏRƏ MÜSAHİBƏSİ
SUAL: Cənab Prezident, Siz regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının icrasından razısınızmı?
CAVAB: Bəli razıyam. Bu proqram icra edilir. Yəni bunun müəyyən göstəriciləri vardır – nə qədər yeni iş yerləri açılmalı, müəssisələr yaradılmalıdır. Demək istəyirəm ki, başlanğıc çox yaxşıdır və gərək biz bu templə gedək.
SUAL: Cənab Prezident, Dağlıq Qarabağ problemi ilə bağlı Sizin bir neçə bəyanatlarınız olubdur...
CAVAB: Burada elə bir yenilik yoxdur. Problemin sülh yolu ilə həlli üçün hələ də imkanlar vardır. Mənim Minsk qrupunun həmsədrləri ilə də görüşüm oldu və xarici işlər nazirləri də görüşürlər. Lakin müəyyən məsələlər var və mən dəfələrlə bəyan etmişəm ki, bu məsələlərdə Azərbaycan heç vaxt güzəştə getməyəcəkdir. Bunlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyidir. Bu məsələlər, ümumiyyətlə, müzakirə olunmur. Bunu mən həmsədrlərə də bəyan etmişəm və Ermənistan tərəfi də bu mövqeyi bilir. Bunun xaricində, əlbəttə ki, danışıqlar aparıla bilər.
SUAL: Siz Minsk qrupunun rusiyalı həmsədri Merzlyakovun bəyanatlarına necə münasibət bəsləyirsiniz?
CAVAB: Mənimlə görüşdə Merzlyakov heç bir bəyanat səsləndirməmişdir. Minsk qrupuna gəldikdə isə, biz bu qrupun yalnız müşahidəçi rolu oynamasına və bəyanatlar verməsinə razı ola bilmərik. Əgər onlar vasitəçidirsə, gərək öz mandatları çərçivəsində vasitəçiliklərini etsinlər. Bu baxımdan mən onların fəaliyyətinin davam etməsini istəyirəm. Hələlik Minsk qrupundan başqa mexanizm yoxdur. Əgər biz bu qrupdan imtina ediriksə, onda, ümumiyyətlə, danışıqları dayandırmalıyıq. Hələlik mən buna ehtiyac duymuram. Qeyd etdiyim kimi, imkanlar hələ tükənməyibdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın öz tələbləri və şərtləri vardır və bu tələblərdən geri çəkilməyəcəkdir.