RƏSMİ XRONİKA
PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA
AZƏRTAC xəbər verir ki, mayın 2-də Prezident sarayında Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın qarşısındakı rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Belarus Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan dövləti və hökumətinin rəsmi şəxsləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya, Belarus nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.
Dövlət başçıları Prezident sarayında xatirə şəkli çəkdirdilər.