PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 6-da Qahirədə, Misir Prezidenti Hüsni Mübarəkin sarayında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Ali qonağın şərəfinə sarayın qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.
Misir Prezidenti Hüsni Mübarək Azərbaycan Prezidenti İlham Əliyevi sarayın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycanın və Misirin dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Misirin dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Misir Prezidentinə təqdim olundu.