PREZİDENTİN SƏRƏNCAMLARI SONSUZ SEVİNC VƏ MİNNƏTDARLIQ HİSSİ İLƏ QARŞILANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təhsil işçilərinin əmək haqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar pedoqoji ictimaiyyət tərəfindən minnətdarlıq hissi ilə qarşılanmışdır.
Sentyabrın 9-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) və onun ilk təşkilatlarının keçirdikləri yığıncaqda ümummilli liderimiz Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyi, ulu öndərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyi vurğulanmışdır.
Dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri qayğı, son illərdə bu sahədə qazanılan nailiyyətlər diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, təhsil işçilərinin əmək haqlarının artırılması ilə bağlı bu günlərdə imzalanmış Prezident sərəncamları böyük rəğbətlə qarşılanmışdır.
Natiqlər təhsil sahəsinə göstərilən diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmiş, eyni zamanda, cəmiyyətin tərəqqisində təhsilin əhəmiyyətli rolu olduğunu vurğulamış, yeni tədris ilində müəllim, tələbə və şagirdlərə uğurlar arzulamışlar.