Professor Zakir Avşar: Ermənistan müharibənin dayandırılması şərtlərinə mütləq əməl etməyə borcludur
Ankara, 27 may, AZƏRTAC
Ermənistanın təcavüzkar niyyətlərindən əl çəkmədiyi məlumdur. Çünki bu mənfur niyyətin təməlində saxta “erməni məsələsi”nin zaman-zaman formalaşdırdığı avantüra dayanır. Lakin 44 günlük Vətən müharibəsi nəticəsində imzalanan üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsi mütləqdir. Qarşı tərəf dərk etməlidir ki, əgər öhdəlikləri pozmağa çalışsa, Azərbaycan buna zor gücünə nail olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşar işğalçı Ermənistanın son günlər həyata keçirdiyi təxribatlar, eləcə də informasiya məkanında yaydığı yalan xəbərləri şərh edərkən söyləyib.
Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq sülh, sabitlik və regional inkişaf konsepsiyası həyata keçirdiyini, bu istiqamətdə böyük uğurlar qazanıb fundamental perspektivlər yaratdığını diqqətə çatdıran professor Zakir Avşar deyib: “Keçmiş sovetlər birliyinin süqutundan sonra Qafqaz bölgəsində sülhə, sabitliyə, regional inkişafa, qarşılıqlı etimada birbaşa zərbə vuran amil Ermənistanın işğalçılıq siyasəti olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük şanlı savaşla torpaqlarının işğalına son qoyub. Ermənistan rəhbərliyi yaxşı bilir ki, Azərbaycan Ordusunun hazırkı mövqeləri işğaldan əvvəlki vəziyyətlə müqayisədə dəfələrlə güclənib. Bundan başqa, beynəlxalq hüququn dövlətlərarası münasibətlərdə hər kəsdən tələb etdiyi ən mühüm amillərdən biri sərhədlərin toxunulmazlığına əməl olunmasıdır. Bu mənada mayın 27-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətindəki təxribat cəhdləri qonşu dövlətin ərazi bütövlüyünə qarşı məqsədyönlü təxribat cəhdidir. Bunu görməməzliyə vurmaq və yanlış informasiyalarla dünya birliyini çaşdırmaq cəhdləri yolverilməzdir”.
Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Bəyanatın təcavüzkar tərəfin tələbi, istəyi və yalvarışı ilə imzalandığını xatırladan professor Zakir Avşar vurğulayıb ki, işğalçı ölkəni bu anlaşmanın şərtlərindən boyun qaçırmağa həvəsləndirən tərəflər, eləcə də vəziyyətlə bağlı məqsədli və yaxud bilməyərəkdən yalan, əsaslandırılmamış məlumat yayan beynəlxalq media qurumları hüquqi və mənəvi məsuliyyət daşıyırlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara