PUŞKİNİN DOĞUM GÜNÜ BAKIDA QEYD OLUNMUŞDUR
Müxtəlif nəsillərin nümayəndələrinin iştirak etdikləri və Azərbaycanda Rusiya İli çərçivəsində keçirilən tədbirdə “Sodrujestvo” Cəmiyyətinin sədri Tatyana Kərimova, Yazıçılar Birliyinin üzvü, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasının kollegiya üzvü Alina Talıbova, Bakı Slavyan Universitetinin dosenti Qalina Şipulina və başqaları Puşkinin həyat və yaradıcılığından söz açmışlar. Vurğulanmışdır ki, Puşkin elə nadir sənətkarlardandır ki, o, təkcə öz ölkəsində deyil, bütün dünyada poeziya həvəskarlarının sevimlisidir.
Azərbaycanda “Sodrujestvo” Cəmiyyətinin, Rusiyanın ölkəmizdəki səfirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şairin müxtəlif dillərdə şeirləri səsləndirilmişdir. Bakıdakı 145 nömrəli məktəbin Puşkinin nağıl qəhrəmanlarının libasını geyinmiş şagirdləri, Səməd Vurğun adına Rus Dram Teatrının aktyorları şairin şeir və poemalarından nümunələr səsləndirmişlər. 145 nömrəli məktəbin şagirdi Nadir Nəsibov Puşkinin qiyafəsində qonaqları salamlamışdır.
Tədbirdə böyük şairin Qafqazı dərin məhəbbətlə sevdiyindən, ona 100-dən artıq şeir həsr etdiyindən, görkəmli alim və şair Abbasqulu ağa Bakıxanovla aralarındakı dostluq münasibətlərindən ətraflı danışılmışdır. Vurgulanmışdır ki, Azərbaycanda Puşkini həmişə sevmişlər. Onun şeirləri Azərbaycan dilinə tərcümə olunmuş, S.Ə. Şirvani, Abbas Səhhət, Səməd Vurgun, Rəsul Rza və başqaları şairə şeirlər həsr etmişlər.
İştirakçılar Puşkinin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.