QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL QAYĞILARI DİQQƏT MƏRKƏZİNDƏDİR
Nazirlər Kabinetinin qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov AZƏRTAC-ın müxbirinə demişdir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkənin əsas problemi elan edilmiş qaçqın və məcburi köçkünlərin sosial qayğıları həmişə diqqət mərkəzindədir. Dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri zamanı bəyan etmişdi ki, ölkədə çadır şəhərciklərinin hamısı ləğv olunacaqdır. 2004-cü ilin fevralında respublika Prezidenti Ağdam rayonunda bütün infrastrukturları olan 3 min 860 evdən ibarət qəsəbələrin salınması barədə sərəncam imzalamışdı. Hazırda Ağdam rayonu ərazisində 12 və Ağcabədi rayonu ərazisindəki Laçın qış yataqlarında 1 qəsəbənin tikintisi sürətlə davam etdirilir. Artıq 675 ailə Ağdamdakı qəsəbələrə köçürülmüşdür. 157 ailəlik Səfərli qəsəbəsində isə tikinti işləri başa çatmışdır. Tezliklə bu qəsəbə də öz sakinlərini qəbul edəcəkdir. Ümumiyyətlə, 2006-cı ilin ortalarına qədər 3 min 860 ailənin hamısı yeni qəsəbələrdə müvəqqəti olaraq məskunlaşdırılacaqdır.
Prezidentin sərəncamı ilə 2004-cü il iyulun 1-də “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda çadır şəhərciklərinin, fin tipli evlərdən ibarət 16 qəsəbənin ləğv edilərək buradakı ailələrin, eyni zamanda məktəblərdə məskunlaşmış soydaşlarımızın yeni qəsəbələrə köçürülməsi, 268 yataqxanada təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.
Dövlət Neft Fondundan ayrılmış 202 milyard manat vəsait hesabına Saatlı və Sabirabad rayonları ərazisindəki 4 min 179 məcburi köçkün ailəsi üçün qəsəbə salınacaqdır. Artıq bu məqsədlə torpaq ayrılmış, layihələşdirmə işləri başa çatmışdır.