Qadın güləşçilərimiz Olimpiadaya növbəti hazırlıq toplanışında
Bakı, 9 iyun, AZƏRTAC
Qadın güləşi üzrə yığma komandamızın üzvləri Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə növbəti təlim-məşq toplanışı üçün Ukraynaya yollanıblar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından xəbər verilib.
İyunun 5-dən 17-dək Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıq keçən yığmamızın heyətində 6 güləşçi yer alıb. Toplanışa baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç, Alyona Kolesnik (hamısı - 58 kq) və Tatyana Omelçenko (60 kq) qatılıb.
Təlim-məşq toplanışını başa vurduqdan sonra yığmamızın üzvləri Polşanın Spala şəhərində Zialkovski və Petlasinskinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
Bir müddət əvvəl qadın güləşçilərimiz Bolqarıstanın Belmeken təlim-məşq bazasında Türkiyə, Belarus, Fransa, Rumıniya və Macarıstan yığmasının üzvləri ilə birgə hazırlıq keçib.
Qeyd edək ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçiləri 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar avqustun 14-dən 21-dək baş tutacaq.