“Qalatasaray” ötən mövsüm Superliqanın bombardiri olan hücumçusu ilə yollarını ayırıb
Bakı, 24 avqust, AZƏRTAC
İstanbulun “Qalatasaray” futbol klubu hücumçusu Bafetimbi Qomis ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, fransalı oyunçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub. Bu barədə hər iki klubun saytında məlumat verilib.
Futbolçu yeni klubu ilə üçillik müqaviləyə imza atıb. Səudiyyə Ərəbistanı təmsilçisi bu transferə görə İstanbul klubuna 6 milyon avro ödəyəcək. Futbolçu özü isə ildə 8 milyon avro maaş alacaq.
Qeyd edək ki, B.Qomis “Qalatasaray”a ötən mövsüm İngiltərənin “Suonsi” klubundan transfer edilib. Fransa millisinin sabiq üzvü ötən mövsüm 29 qol vuraraq Superliqanın bombardiri olub.