Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı (QMKGT) Qarabağ QHT koalisiyası ilə birgə 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, QMKGT-nin sədri Vüqar Qədirov mənfur qonşularımızın tarix boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışmışdır. Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi işğalçı dövlətin qeyri-konstruktiv və separatizmə rəvac verən fəaliyyəti nəticəsində bu günədək öz həllini tapmamışdır. Bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeləri və ikili standartlarla çıxış etmələri də münaqişənin həllinə ciddi maneçilik törədir.
Qanlı Yanvar faciəsinin törədildiyi tarixi şərait, onun başvermə səbəbləri və nəticələri barədə danışan V.Qədirov vurğulamışdır ki, bu hadisə təkcə hüzn günü deyil, həm də Azərbaycan xalqının mübarizlik əzmini əks etdirən qürur günü kimi qeyd edir.
Tədbirin əhəmiyyətini xüsusi qeyd edən Milli Məclisin deputatı Xanhüseyn Kazımlı xalqımızın azadlıq mübarizəsinin tarixi, müstəqillik yolundakı çətinliklərindən danışmışdır. O demişdir ki, 20 Yanvar Azərbaycanın tarixinə şərəfli gün kimi daxil olmuşdur. Çünki məhz bu gündə xalqımızın qəhrəman oğul və qızları müstəqilliyi öz canlarından üstün tutduqlarını mətanətlə sübut etmişlər. Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini hər zaman ehtiramla yad edəcəkdir.
Bildirilmişdir ki, ermənilər tarix boyu onlara havadar olanların dəstəyindən istifadə edərək Azərbaycana təcavüz etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına əminliyini bildirən X.Kazımlı hər bir Azərbaycan vətəndaşını Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləmişdir.
Digər çıxış edənlər demişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən azadlıq mübarizəsinə qalxmış günahsız insanlar ağır texnika və müxtəlif silahlarla gülləbaran edilmiş, qanlı faciə törədilmişdir. Lakin bu qanlı aksiya insanları azadlıq mübarizəsindən çəkindirməmiş, əksinə 20 Yanvarda tökülmüş qan Azərbaycanın müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxmış azadlıq mücahidlərinin rəmzinə çevrilmişdir. Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.