Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Atatürk Mərkəzində keçirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Türkiyə universitetlərində təhsil alan tələbə və məzunların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri “dəyirmi masa”da TUMİB-in sədri Çingiz Bayramov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Vüqar Səlimov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev və başqaları çıxış edərək Qanlı Yanvar faciəsinin törədildiyi tarixi şərait, onun başvermə səbəbləri və nəticələri, hadisənin mahiyyəti barədə danışmışlar. Bildirilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya girərək dinc əhaliyə divan tutmuş, qırğınlar törətmişdir. O müdhiş gecədə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara qarşı görünməmiş qəddarlıq edilmiş, günahsız qanlar tökülmüşdür. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etmişdir. 20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla, ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərmişdir.
Vurğulanmışdır ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Həmin günün Ümumxalq Hüzn Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul olunmuşdur.
Qeyd olunmuşdur ki, 20 Yanvar hadisəsi təkcə faciə və hüzn günü qiymətləndirilməməli, həm də Azərbaycan xalqının suverenliyi uğrunda mübarizəsinin, dünyanı heyrətə gətirən mərdliyinin, qəhrəmanlığının, ədalətsevərliyinin böyük təntənəsi və qürur günü kimi qeyd edilməlidir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrində Vətən uğrunda şəhid olanların xatirəsini daim ehtiramla yad etmək və onları unutmamaq gənclərin və hamımızın vətəndaşlıq borcudur. Ən ağır sınaqlara sinə gərərək azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı bugünkü və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır. Biz də çalışmalıyıq ki, bu həqiqəti dünya ictimaiyyətinə olduğu kimi çatdıra bilək.
Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycan torpaqları işğal atındadır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların qisası da yerdə qalmayacaqdır. Düşmən tapdağı altında olan torpaqlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz tərəfindən tezliklə azad ediləcəkdir.