SİYASƏT
“Qarabağ” Fondu ABŞ Dövlət Departamentində keçirilən dünya diaspor forumunda iştirak edib
Vaşinqton, 11 oktyabr, AZƏRTAC
Vaşinqtonda keçirilən 2015-ci il “Dünya Diaspor Forumu” həftəsinin başlanmasına həsr edilən tədbir çərçivəsində ABŞ Dövlət Departamentində “Tərəfdaşlıq sferası” sərgisi təşkil olunub. Sərgidə Azərbaycan mədəniyyətini “Qarabağ” Fondu təmsil edib.
ABŞ dövlət katibi Con Kerri tədbirdə çıxış edib. O, diasporlar arasında əməkdaşlığın vacibliyindən və ümumdünya diplomatiyasında onların əhəmiyyətindən söhbət açaraq qeyd edib ki, hazırda öz ölkəsindən kənarda yaşayan miqrantların sayı 230 milyona çatır. C.Kerri deyib ki, immiqrantların sayının ən çox olduğu ölkələr arasında birinci yeri ABŞ tutur. Altmış milyondan çox amerikalı birinci və ikinci nəsil immiqrantlardır.
Tədbirdə “Qarabağ” Fondunun icraçı direktoru Diana Altman və Fondun mədəniyyət məsələləri üzrə nümayəndəsi İsmayıl Hüseynov başqa etnik icmaları və təşkilatları təmsil edən diaspor qruplarının nümayəndələri ilə görüşüb, onlarla əməkdaşlıq məsələlərini müzakirə ediblər. ABŞ hökumətinin nümayəndələrinə “Qarabağ” Fondunun mədəni diplomatiya vasitəsilə Amerika ictimaiyyətini Azərbaycan haqqında maarifləndirmək missiyası haqqında məlumat verilib.
Dünya Diaspor Forumunun iştirakçıları sərgidə “Qarabağ” Fondu üçün ayrılmış guşə ilə tanış olublar. Onlar Fondun missiyasına və təşkilatın Azərbaycan mədəniyyətinə həsr edilən növbəti tədbirlərində iştiraka böyük maraq göstəriblər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton