“QARABAĞ” FUTBOL KLUBUNUN ÖZ STADİONU VƏ BAZASI OLACAQDIR
Təqdimat mərasimində çıxış edən “Azərsun Holdinq” şirkətinin və “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl bu əlamətdar hadisənin Azərbaycan futbolunun inkişafına təkan verəcəyini demişdir. Baş məşqçi Rasim Kara isə “Qarabağ”ı gələcəyin komandası adlandıraraq, həyata keçiriləcək yeni layihənin ölkəmizdə gənc futbolçuların yetişməsinə xidmət edəcəyini vurğulamışdır.
Rasim Kara demişdir: “Bir çoxları məni tənqid edir. Amma biz Azərbaycan futbolunun inkişafı naminə yürütdüyümüz siyasəti dəyişməyəcəyik. “Qarabağ” gələcəyin komandasıdır. Bu gün bizim yetişdirəcəyimiz uçaqlar gələcəkdə Azərbaycan futbolunun əsasını təşkil edəcəklər”.
Azərbaycan futbolunun inkişafı məqsədi ilə türkiyəli mütəxəssislərlə xüsusi təlim-məşq planının hazırlandığını deyən R.Kara 4 ili əhatə edəcək bu layihənin, uşaq, yeniyetmə və peşəkar futbolçuların elmi-metodiki, fiziki hazırlığına kömək göstərəcəyini söyləmişdir.
Azərbaycan çempionatında legionerlərin çoxluğu ilə əlaqədar narahatlığını ifadə edən türkiyəli mütəxəssis bunun Azərbaycan futbolunun ziyanına olduğunu demişdir. Bildirmişdir ki, bu gün “Qarabağ”da cəmi 4 legioner oyunçu vardır. Çempion olmaq asandır. Biz də digər klublar kimi legionerləri cəlb edib, ən yüksək yerləri tuta bilərik. Lakin bu, Azərbaycan futboluna heç bir xeyir verməyəcəkdir. Məqsədimiz Azərbaycanda Avropada davamlı çıxış edə biləcək futbolçular yetişdirməkdir. Mən inanıram ki, bizim yeni idman-tədris mərkəzi Azərbaycanda futbolun inkişafına öz töhfəsini verəcəkdir.
Binə qəsəbəsində inşa olunacaq yeni İdman-tədris mərkəzi 12 hektar sahəni əhatə edəcəkdir. Mərkəzin ərazisində minlərlə tamaşaçı tutumu olan stadiondan əlavə, üç futbol, bir futzal meydançası, mehmanxana kompleksi, hovuz, habelə basketbol, voleybol meydançaları, tennis kortları və əyləncə obyektləri olacaqdır.