Qarabağ mövzusu Fransa Milli Kitabxanasında araşdırılıb
Bakı, 11 noyabr, AZƏRTAC
UNEC Kitabxana İnformasiya Mərkəzi “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsi çərçivəsində Fransa Milli Kitabxanasında araşdırma aparıb.1461-ci ildə Parisdə əsası qoyulan Fransa Milli Kitabxanası 40.9 milyon nüsxə fonda malikdir.
Kitabxana İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabxananın elektron kataloqu araşdırılarkən orada Qarabağa aid 202 biblioqrafik yazı tapıldı. Bunları 167 kitab və elektron kitab, 12 audio sənəd, 9 ikonoqrafik (təsviri) sənəd, 8 kartoqrafik nəşr, 6 animasiyalı şəkil, 2 ədəd isə dövrü nəşr olmaqla təsnifləşdirmək olar. Sənədlərin çap olunduğu dillər üzrə statistika belədir: fransız dilində 69, ingilis dilində 58, Azərbaycan dilində 9, erməni dilində - 52, rus dilində 7, çoxdilli nəşrlərin sayı isə 21-dir.
Kataloqda olan 167 kitabın dillər üzrə statistikası da verilib.
Araşdırmadan məlum oldu ki, Fransa Milli Kitabxanasında Qarabağın adının qeyd olunduğu ən qədim nəşr, müəllifi fotoqraf G.de Labry olan 1888-ci ildə çəkilmiş "Rusiya Türküstanı və Qafqaz" başlıqlı şəkillər toplusudur. Toplu 17 şəkildən ibarətdir. 14-cü şəkildə Qarabağ atının təsviri verilib. 1890-cı ildə müəllif tərəfindən Fransa Milli Kitabxanasına təqdim olunub.
Ümumilikdə kitabxanada bu mövzuda XIX əsrə aid 5 sənəd vardır. Bunların 1-i alman (G.Radde “Karabakh”, 1890), 3-ü fransız, 1-i erməni dilindədir.
Nəticə olaraq yenə də təəssüflə qeyd etməliyik ki, son illərin ən yeni nəşrləri erməni xalqının mənafeyini özündə əks etdirən kitablardır.