Qarabağ Universitetinin tələbələrinin iştirakı ilə Laçında dəyirmi masa
Bakı, 25 sentyabr, AZƏRTAC
Qarabağ Dirçəliş Fondu, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə “Qarabağın azad olunması və dirçəlişində gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, 27 Sentyabr - Anım Gününə həsr olunan tədbirin əvvəlində Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Qarabağın azad olunmasının Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi ardıcıl siyasətin və xalqımızın milli həmrəyliyinin nəticəsi olduğunu vurğulayıb. O, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, Qarabağın yeni inkişaf mərhələsinin əsasını qoyduğunu bildirib.
Məsim Məmmədov Laçının timsalında şəhər və kəndlərdə aparılan bərpa işləri, əhalinin qayıdışı, sosial-iqtisadi və mədəni inkişaf istiqamətində görülən işlər barədə məlumat verib. O vurğulayıb ki, Qarabağın dayanıqlı inkişafında gənclərin bilik və bacarıqları, təşəbbüskarlığı və fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Qarabağın dirçəlişi və eyni zamanda, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olunması üçün möhkəm zəmin yaradıb. Qarabağın dirçəlişinin yalnız infrastrukturun bərpası ilə məhdudlaşmadığını, bu prosesdə insan kapitalının inkişafının xüsusi əhəmiyyət daşıdığını deyən İdarə Heyəti sədrinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, bölgənin sosial-iqtisadi inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Təhsilli, peşəkar və təşəbbüskar gənclərin yetişdirilməsi Qarabağın uzunmüddətli və dayanıqlı inkişafının əsas şərtlərindən biridir.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin Qarabağın gələcək inkişafında insan kapitalının formalaşdırılması baxımından rolundan bəhs edib. Bildirib ki, universitetin əsas məqsədlərindən biri tələbələrə müasir və keyfiyyətli təhsil verməklə yanaşı, onların gələcəkdə regionun sosial-iqtisadi və mədəni inkişafında fəal iştirakına şərait yaratmaqdır. O, tələbələrin bu kimi müzakirələrə cəlb olunmasının onların Qarabağın gələcəyi ilə bağlı fikir və təşəbbüslərinin formalaşmasına mühüm imkan yaratdığını vurğulayıb.