“Qarabağ”ın baş məşqçisi: Azarkeşlərin inamını qoruyub-saxlamağa çalışacağıq
Bakı, 16 avqust, AZƏRTAC
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın Pilzen şəhərinin “Viktoriya” komandasına qarşı Bakıda keçirəcəkləri oyundan qabaq kütləvi-informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi deyib: “Bu oyun Çempionlar Liqasının qruplarına düşmək üçün son sınaqdır. İndiyə qədər oynadığımız komandalar fərqli futbol nümayiş etdirirdilər. “Viktoriya” isə onlardan tam fərqlənir. Çexiya futbolu oyun intizamına görə həmişə başqalarından fərqlənir. Onların oyunlarını izləyəndə verilən tapşırıqları dəqiq yerinə yetirdiklərini, atletik futbola üstünlük verdiklərini görürük. Fiziki göstəriciləri üstün olan futbolçuları var. Hər halda biz bu cür komandalara qarşı oynamışıq. Böyük ehtimalla bu oyunda daha çox güc sərfəli etməli olacağıq. “Qarabağ”ın oyunçuları həm Bakıda, həm də Plzendə çox dözümlü olmalıdılar və onların bunu bacaracaqlarına inanıram. Çalışacağıq ki, əlimizə düşən son sınaqdan səmərəli istifadə edək və azarkeşlərimizi yaxşı oyun və mübarizə ilə sevindirək. Bu oyuna maraq çox böyükdür. Azarkeşlərin inamını qoruyub-saxlamağa çalışacaq, komandamızın mübariz və möhkəm kollektiv olduğunu göstərməyə çalışacağıq”.
O, altı il əvvəl “Viktoriya” ilə qarşılaşma barədə verilən sualı cavablandıraraq deyib: “Bu komanda ilə oynamışıq və o vaxt mərhələ adlayan tərəf onlar olmuşdu. Həmin oyunda “Qarabağ” hesabda 1:0 öndə olarkən qol vurmaq üçün çoxlu imkanlar olsa da, bundan istifadə edə bilmədik, lakin rəqib komanda görüşün son dəqiqələrində hesabı bərabərləşdirməyə nail oldu. Hər oyun irəliyə doğru böyük addımdır. İldən-ilə təcrübəmiz artır. Amma yenə də bunlar hamımız üçün çox azdır. Belə oyunlarda böyük təcrübə də qazanılır. Daha çox təcrübə toplamalıyıq. Çempionlar Liqasında gərginlik və həyəcan digər turnirlərdən daha çox olur. Komandamızın qrupa düşməyini azarkeşlər də çox arzu edirlər və bu, bizim məsuliyyətimizi artırır”.