Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz
İsmayıllı, 23 iyul, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri Ağdamın işğalının 27-ci ildönümü ilə əlaqədar onlayn videoçarxlar hazırlayıblar. Regional mədəniyyət idarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, İsmayıllı rayon Fazil Əzimov adına Uşaq Musiqi Məktəbi, rayon mərkəzi kitabxanası, Şamaxı MKS-nin Uşaq şöbəsi, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi, Ağsu rayon Mədəniyyət Mərkəzi, Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev-muzeyi və digər mədəniyyət müəssisələrinin əməkdaşlarının hazırladıqları videoçarxlar qədim Ağdam torpağının xain düşmən tərəfindən talan olunması, milli və mənəvi sərvətlərinin məhv edilməsi, o cümlədən bu döyüşlərdə qəhrəmancasına həlak olan mərd vətən övladları haqqında geniş məlumatlardan ibarət olub, yaşadığımız o ağrılı-acılı günləri bir daha göz önündə canlandırır. Videoçarxlarda 27 il əvvəl, iyulun 23-də işğal olunmuş Ağdamın erməni qəsbkarlarından azad olunacağı günün heç də uzaqda olmadığına inam ifadə olunub. Axı ümummilli lider Heydər Əliyevin söylədiyi “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz” fikri aktual olaraq qalmaqdadır.