QAXDA TƏLƏBƏ ADINI QAZANMIŞ MƏZUNLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən görüşdə ali məktəblərə qəbulun birinci mərhələsinin yekunlarına görə tələbə adına layiq görülmüş məzunlar və onların valideynləri, təhsil işçiləri, ziyalılar, habelə respublika miqyaslı bilik yarışlarının və fənn olimpiadalarının qalibləri iştirak etmişlər.
Təhsil şöbəsinin müdiri Məmməd Xasıyev çıxış edərək qəbulun ilkin mərhələsinin yekunlarına görə tələbə adını qazanmış 115 gənci görüş iştirakçıları adından təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. O, qəbul imtahanları zamanı məzunlardan 4 nəfərin 600-dən yuxarı bal toplamasını, şəhərdəki 2 nömrəli məktəb-liseyin 58 məzununun tələbə adına layiq görülməsini rayonun həyatında əlamətdar hadisə kimi qiymətləndirmişdir.
Qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış Pərvanə Əhmədova, 2 nömrəli məktəb-liseyin direktoru Şəkər Abdullayeva və valideynlər adından Fərhad Fərhadov çıxış edərək, qazanılmış uğurları son illər respublikamızda elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısının məntiqi nəticəsi kimi dəyərləndirmişlər.
Görüşün sonunda gəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə və ötən tədris ilində fənn olimpiadalarında, bilik yarışlarında qalib gəlmiş gənclərə qiymətli hədiyyələr təqdim olunmuşdur.