Qaxın Qum kəndində 264 şagird yerlik yeni məktəb binası istifadəyə verilib
Qax, 14 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 14-də Qax rayonunun Qum kəndində tam orta məktəb üçün dövlət vəsaiti hesabına inşa edilmiş 264 şagird yerlik yeni məktəb binasının açılış mərasimi olub.
Mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev, rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Qax rayon Təhsil sektorunun məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Tədbirdən öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək məktəb kollektivini, valideynləri, sakinləri Bilik Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazası daha da möhkəmləndirilib. Nazir müavini daha sonra təhsildə qazanılan uğurları və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, məktəb kollektivinə yeni dərs ilində uğurlar arzulayıb. Bildirilib ki, son illər rayonda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülüb.
Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, məktəb binası 264 şagird yerlikdir. İkimərtəbəli yeni məktəb binasında kimya, biologiya, fizika, informatika kabinetləri daxil olmaqla, 14 sinif otağı, fizika və kimya laboratoriyaları, idman və akt zalları, kitabxana, yeməkxana, hərbi təlim, tibb və xidməti otaqlar fəaliyyət göstərir. Məktəbin həyətində idman meydançası salınıb.