QAXIN TƏHSİL İŞÇİLƏRİ YENİ DƏRS İLİNƏ HAZIRDIRLAR
Konfransda Rayon Təhsil şöbəsinin müdiri Məmməd Xasıyevin “2003- 2004-cü dərs ilinin yekunları və müasir yanaşmalar əsasında təhsilin inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə ötən tədris ilində rayonun ümumtəhsil müəssisələrində təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, Təhsil islahatı proqramının tələblərinin yerinə yetirilməsi, təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişaf etdirilməsi, habelə ali məktəblərə qəbul sahəsində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışılmışdır.
Azərbaycan Prezidentinin “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında Fərmanının və ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər) təsdiq edilməsi barədə Sərəncamının rayonun təhsil işçiləri tərəfindən razılıqla qarşılandığı xüsusi vurğulanmışdır.
Təhsil Nazirliyinin nümayəndəsi Abbasqulu Quliyev, rayon icra hakimiyyətinin başçısı Abbas Göyüşov və digər çıxış edənlər təhsil işçilərini qarşıdakı yeni dərs ili münasibətilə təbrik etmiş, şərəfli işlərində daha böyük nailiyyətlər arzulamışlar.
Konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.