Qaydalara ciddi əməl etsək koronavirusla mübarizədən daha tez qalib ayrılacağıq
Bakı, 27 iyun, AZƏRTAC
Həmkarımız İradə İbrahimovanın təşəbbüsü ilə yaradılan “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatına mən də böyük məmnuniyyətlə qoşuldum. Düşünürəm ki, onun bu çağırışına təkcə media təmsilçiləri yox, vətəndaşlar da biganə qalmamalıdırlar. Cərgəmizə qoşulanların, qaydalara əməl edənlərin sayı artdıqca, koronavirus adlanan “gözəgörünməz” düşmənə qarşı sanki bir müdafiə səddi çəkmiş olarıq. Qaydalara, tövsiyələrə, gigiyenik normalara, sosial məsafə prinsiplərinə riayət edən hər vətəndaş virusa qarşı bir müdafiə zənciri yarada bilər. Gəlin, “gözəgörünməz” düşməni hər tərəfdən mühasirəyə alaq, hamımız bir hədəfə vuraq. Əminəm ki, zərbəmiz güclü olduqca, virusun gücü də zəifləyəcək və biz bu mübarizədən qalib ayrılacağıq.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.
"Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə vətəndaşlara müraciət edib, onları qaydalara əməl etməyə çağırıblar. Onlar özləri də görüşlərə, açılış mərasimlərinə maska ilə gedir, sosial məsafəni gözləyirlər. Bütün bunlar özü də insanlara bir çağırışdır, nümunədir. Mən inanıram ki, cəmiyyətimiz hər zaman olduğu kimi, pandemiya ilə mübarizədə də birlik və həmrəylik nümayiş̧ etdirərsə, müsbət nəticələrə nail olunacaq.
Bir daha hər kəsi ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə, media nümayəndələrinin timsalında isə bütün vətəndaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın təşəbbüsü ilə yaradılan bu nəcib və xeyirxah hərəkata qoşulmağa çağırıram”, - deyə V.Rəhimzadə qeyd edib.