SİYASƏT
Qayıdış hüququ mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub VİDEO
Bakı, 28 noyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcmasında dekabrın 5-6-da “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı noyabrın 28-də mətbuat konfransı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə müzakirə olunacaq mövzular barədə medianın suallarının cavablandırılması məqsədilə keçirilən mətbuat konfransında əvvəlcə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O, İcmanın fəaliyyət prinsiplərindən danışaraq bildirib ki, konfransın təşkili Qərbi Azərbaycana qayıdış məsələsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. İki yüz il boyunca müxtəlif vaxtlarda soydaşlarımızın etnik təmizləmələrə, soyqırımlara, deportasiyalara məruz qaldıqlarını xatırladan İcma sədri deyib ki, son deportasiya 1987-1991-ci illərdə həyata keçirilib. Min illər boyu Qərbi Azərbaycanda məskunlaşan soydaşlarımız ata-baba yurdlarından qovulublar. “Çox sevinirik ki, Qarabağ Zəfərindən sonra tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq məsələsi ön plana çıxarıldı. İlk dəfə olaraq Qərbi Azərbaycan məsələsini beynəlxalq aləmə çıxara bildik. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan məsələsinin hüquqi aspektlərini beynəlxalq müstəvidə müzakirə etmək üçün dekabrın 5-6-da qayıdış hüququ mövzusunda ikinci dəfə konfrans keçiriləcək”, – deyə o əlavə edib.
Konfransa 51-dən artıq dövlətdən 100-dən çox nümayəndənin qatılacağını söyləyən Ə.Ələkbərli bildirib ki, tədbir çərçivəsində beş panel təşkil olunacaq və hər paneldə beş məruzə dinləniləcək. Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq müstəvidə müzakirəsi mübarizəmizin yeni mərhələsini təşkil edəcək”.
Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədov çıxışında diqqətə çatdırıb ki, müxtəlif ölkələrin deputatlarının, siyasi xadimlərinin, alimlərinin, tarixçilərinin qatılacaqlar bu konfransın təşkili Azərbaycanı qayıdış hüququ mövzusunda beynəlxalq miqyasda tanınmış mərkəzlərdən birinə çevirir.
O deyib ki, İcma bu tədbirləri keçirməklə qayıdış hüququ mövzusunu beynəlxalq miqyasda təbliğ edir. “Dünyada qaçqın və köçkünlərin sayı getdikcə artır. Bu problem köklü şəkildə həll edilməlidir. Onların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmaları təmin olunmalıdır. İcmanın bu mövzuda konfrans keçirməsi bir növ dünyaya çağırışdır”, - deyə Qaya Məmmədov vurğulayıb.
Sonra jurnalistlərin suallarını cavablandıran İcma sədri qeyd edib ki, Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqda aparılan monitorinqlər nəticəsində məlum olub ki, onlardan cəmi ikisi qalıb, 450-nin heç bir izi yoxdur. Eyni zamanda, 150-yə yaxın qəbiristanlığın, sadəcə, dağıntıları qalıb və onları bərpa etmək demək olar mümkünsüzdür.
Əziz Ələkbərli deyib ki, bu istiqamətdə işlər davam edir. Hazırda məscid və türbələrdə monitorinqlər aparılır.
Qeyd edək ki, Qərbi azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir. Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək. Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq. Xatırladaq ki, 5 dekabr Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Həmin günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak edib.