Rövşən Nəcəf: Qaz tələbatının illik artım tempinin 1 faiz səviyyəsində qalacağını düşünmürəm
Bakı, 2 iyun, AZƏRTAC
Təbii qaz tələbatının illik artım tempinin 1 faiz səviyyəsində qalacağını düşünmürəm. Məncə, bu göstərici daha yüksək ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib.
“Bununla yanaşı, baza yükünün təmin edilməsi məsələsi də son dərəcə vacibdir. Nüvə enerjisinin tətbiqi ilə bağlı müzakirələr davam edir. Bu texnologiyanın hansı miqyasda istifadə olunacağı ilə bağlı qərarlar da gələcək enerji balansına ciddi təsir göstərəcək. Nəticədə artım tempi 2 faizdən də yüksək ola bilər. Bu, böyük ölçüdə növbəti 5-6 il ərzində qəbul ediləcək siyasi və enerji siyasəti qərarlarından asılıdır. Digər mühüm məqam isə odur ki, enerji sektoruna uzun illər ərzində kifayət qədər investisiya qoyulmayıb. Halbuki bu sahəyə investisiya etdikdən sonra nəticələri dərhal əldə etmək mümkün deyil. Yeni layihələrin hazırlanması və istismara verilməsi illər tələb edir. Bu səbəbdən müəyyən bir təklif boşluğunun yaranması qaçılmaz görünür və həmin boşluq gələcəkdə enerji təchizatçıları üzərində əlavə təzyiq yaradır.
“Lakin tələbat tərəfinə təsir göstərəcək başqa bir amil də var ki, bu da enerji səmərəliliyidir. Maraqlıdır ki, enerji istehlakını artıran süni intellekt, eyni zamanda, enerji istifadəsinin daha səmərəli təşkilinə də kömək edəcək. Süni intellekt həm şirkətlərə, həm də ev təsərrüfatlarına enerji resurslarından daha effektiv istifadə etməyə imkan verəcək. Bu gün dəqiq proqnoz vermək olduqca çətindir. Çünki bu tənliyin bütün komponentləri dəyişir və bu dəyişikliklər çox sürətlə baş verir. Hətta gələn il mənzərə tamamilə fərqli ola bilər. Yadımdadır, 3 il əvvəl bu tədbirdə iştirak edərkən əsas müzakirə mövzularından biri bərpaolunan enerji sektorunun insan kapitalı uğrunda yaratdığı rəqabət idi. Bu gün isə vəziyyət dəyişib. Artıq əsas rəqabət süni intellekt və məlumat mərkəzləri sektorundan gəlir. Cəmi 3 il ərzində bazarın dinamikası və prioritetləri köklü şəkildə dəyişib. Buna hazırda şahidi olduğumuz geosiyasi qeyri-müəyyənlikləri də əlavə etsək, gələcəyi dəqiq proqnozlaşdırmağın nə qədər mürəkkəb olduğu daha aydın görünür”, - deyə SOCAR-ın prezidenti vurğulayıb.