Qazaxda Daş Salahlı kəndində 2 körpələr evi-uşaq bağçası açılıb
Qazax, 21 dekabr, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunun Daş Salahlı kəndində əsaslı şəkildə təmir edilmiş və yenidən qurulmuş 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının açılış mərasimi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov körpələri, onların valideynlərini və müəllimləri təbrik edib, ən xoş arzularını çatdırıb.
Bildirilib ki, Daş Salahlı kəndindəki 2 və 3 saylı uşaq bağçaları “Akkord” Qazax Sement Zavodu tərəfindən əsaslı təmir edilərək yenidən qurulub. Hər iki bağçada yeni mətbəx, yemək və yataq otaqları, musiqi, idman və əyləncə zalları inşa edilib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. Yüksək səviyyədə, əsaslı şəkildə təmir edilən bağça binaları müasir tələblərə tam cavab verir.
Daş Salahlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Aybəniz Kərimova, tərbiyəçi Çiçək Vəliyeva, 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Ramella Abdürrəhmanova, kənd ağsaqqalı Fərhad Qocamanov, valideyn Flora Həsənova çıxış edərək, böyüməkdə olan uşaqların yüksək şəraitdə təlim-tərbiyə almaları üçün göstərilən diqqət və qayğıdan böyük fərəh hissi ilə danışıblar. Çıxış edənlər uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Prezident İlham Əliyevə müəllim və valideynlər, bütün kənd sakinləri adından minnətdarlıqlarını bildiriblər.
“Akkord” Qazax Sement Zavodu tərəfindən körpələrə hədiyyələr təqdim olunub.