Qazaxda gənclər arasında kompüter oyunları üzrə XII Azərbaycan Milli Çempionatının rayon mərhələsi keçirilib
Qazax, 28 aprel, Famil Quliyev, AZƏRTAC
Qazaxda Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, gənclər arasında kompüter oyunları üzrə XII Azərbaycan Milli Çempionatının rayon mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər Mərkəzində keçirilən yarışda 17 komandada 85 gənc qələbə uğrunda mübarizə aparıb. Yarışda orta ümumtəhsil məktəbləri ilə yanaşı, Bakı Dövlət Universiteti Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin komandaları da iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışda İ.Qayıbov adına 3 nömrəli şəhər tam orta məktəbin "Empire" komandası birinci, S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin "DeJaVu" komandası ikinci, F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəbin "Uraqan" komandası isə üçüncü yerə layiq görülüblər.
Qaliblər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar.
Qeyd edək ki, şəhər 3 saylı tam orta məktəbin "Empire" komandası mayın 2-də Göygöl rayonunda keçiriləcək zona mərhələsində Qazaxı təmsil edəcək.