Qazaxda koronavirus əleyhinə vaksinasiyanın ikinci mərhələsi icra olunur
Qazax, 11 fevral, Rauf Hacıyev, AZƏRTAC
Qazax rayonunda fevralın 8-dən vaksinasiyanın ikinci mərhələsinə başlanılıb. Bu mərhələdə respublikamızda, o cümlədən Qazax rayonunda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günə kimi rayonda yaşı 65-dən yuxarı 116 sakin peyvənd olunub.
Bildirək ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 1 qəbul, 1 qeydiyyat, 3 xüsusi peyvənd, 2 nəzarət, 1 təcili tibbi yardım otaqları ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Bu mərhələnin nizamlı təşkil olunması üçün 65 yaşdan yuxarı sakinlərə https://randevu.its.gov.az/ internet ünvanında qeydiyyatdan keçərək vaksinasiya olunmaları üçün Qazax Rayon Mərkəzi Xəstəxanasını seçmələri, göstərilən tarix və saatda xəstəxanada olmaları tövsiyə edilir.