SİYASƏT
“Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyi Almatıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirmişdir
Almatı, 2 yanvar (AZƏRTAC). “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyi (QAAİB) Almatıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirmişdir.
Bayram tədbirində Almatıdakı Azərbaycan diasporunun fəalları, Qazaxıstan Xalqları Assambleyası sədrinin müavini Axmetjan Şardenov, Əfqanıstanın Qazaxıstandakı konsulu Fayk Aziz Rahmat, Almatıdakı uyqur, türkmən, yunan, tacik, kürd mədəniyyət mərkəzlərinin rəhbərləri, alimlər, incəsənət xadimləri, jurnalistlər iştirak etmişlər.
QAAİB-nin sədri Əbülfəz Xəmmədov əlamətdar gün münasibətlə təbriklərini çatdırmış, bu bayramın ulu öndər Heydər Əliyev tərəfindən təsis olunduğunu vurğulamışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev hansı xarici ölkəyə səfər edirdisə, mütləq oradakı Azərbaycan diasporu ilə görüş keçirir, onların qayğı və problemləri ilə maraqlanırdı. Elə bu istəyin nəticəsi idi ki, ulu öndərin təşəbbüsü ilə Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi yarandı, dünya azərbaycanlılarının qurultayları keçirilməyə başlandı. İndi bu sahədə sistemli iş aparılır. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi xəttini uğurla davam etdirir.
Sonra polis polkovniki Tarıvardi Abdullayev, ədliyyə polkovniki İsahət Şirinov, Almatı şəhər Türksibsk rayon məhkəməsinin hakimi Qəhrəman Sadiyev, “Türkel” qəzeti və “Altın Körpü” jurnalının baş redaktoru Ramiz Məşədihəsənli, “Vətən” qəzetinin redaktoru Hökümə Xəlilova həmrəylik gününün əhəmiyyətindən danışmışlar. Vurğulanmışdır ki, soydaşlarımızın təşkilatlanması işində bu bayramın böyük əhəmiyyəti vardır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı