Qazaxıstan Milli Parlament Məclisinə seçkilər bu ölkənin Bakıdakı səfirliyində də müşahidə olunub
Bakı, 21 mart, AZƏRTAC
MDB Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialının əməkdaşları martın 20-də Qazaxıstanda Milli Parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərin təşkili və keçirilməsini müşahidə etmək məqsədilə bu ölkənin Azərbaycandakı səfirliyində olublar.
Filialın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməkdaşlar səfirlikdə yaradılmış 212 saylı seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmək məqsədilə Qazaxıstan Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçiblər.
Seçki məntəqəsi səhər saat 07:00-da açılıb və axşam saat 20:00-da bağlanıb. Əsas seçici siyahısına 157 seçici daxil edilib. Seçki məntəqəsi bağlananadək ümumilikdə 156 seçici, o cümlədən 116 nəfər əsas siyahı üzrə, 40 nəfər isə əlavə siyahı üzrə səs verib. Səsvermənin gedişinin müşahidəsi zamanı hər hansı qanun pozuntusuna rast gəlinməyib.