Qazaxıstan neftinin Avropaya ixracında əsas marşrut dron hücumları səbəbindən təzyiq altındadır
Buxarest, 21 iyul, AZƏRTAC
Qazaxıstan neftinin Avropa bazarına nəqlində əsas rol oynayan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Qara dəniz terminalında fəaliyyət dron hücumlarından sonra müvəqqəti dayandırılıb. Hadisə Avropa İttifaqının enerji təchizatının sabitliyi ilə bağlı narahatlıqları artırıb.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Mediafax” agentliyinin məlumatına görə, terminalda neft yükləyən ASIA və NISSOS IOS tankerləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücum nəticəsində tankerlərdən birində yanğın baş versə də sonradan söndürülüb. Hadisə zamanı insan tələfatı və neft sızması qeydə alınmayıb.
Qazaxıstanın Energetika Nazirliyi bildirib ki, terminalın tək nöqtəli yükləmə sistemləri zədələnməyib. Bununla belə, insidentin nəticələrinin tam qiymətləndirilməsi başa çatana qədər neft yükləmə əməliyyatları dayandırılıb.
Məqalədə qeyd olunur ki, uzunluğu 1510 kilometr olan CPC boru kəməri Qazaxıstanın Xəzəryanı neft yataqlarını Rusiyanın Novorossiysk limanı ilə birləşdirir. Buradan neft tankerlərlə Avropa və digər dünya bazarlarına göndərilir. Hazırda Qazaxıstanın neft ixracının təxminən 80 faizi məhz bu marşrut vasitəsilə həyata keçirilir.
Qazaxıstan Xarici İşlər Nazirliyi mülki gəmilərə qarşı hücumları qətiyyətlə pisləyərək bunların ölkənin iqtisadi maraqlarına, beynəlxalq ticarətə və qlobal enerji bazarlarının sabitliyinə zərbə vurduğunu bəyan edib. Astana enerji ixracı infrastrukturunun təhlükəsizliyinin təmin olunması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə çağırıb.
“Mediafax” vurğulayır ki, Rumıniya da Qazaxıstan neftindən ən çox istifadə edən Avropa ölkələrindən biridir. Bu ilin ilk aylarında Rumıniyanın xam neft idxalının əsas hissəsi Qazaxıstanın payına düşüb, ikinci yerdə isə Azərbaycan qərarlaşıb. Bu baxımdan CPC marşrutunda yaranan hər hansı fasilə Rumıniya ilə yanaşı, Mərkəzi və Cənub-Şərqi Avropanın digər ölkələrinin enerji təchizatına da təsir göstərə bilər.