Qazaxıstan və Azərbaycan Avropa və Asiya arasında əsas nəqliyyat qovşağı kimi mövqelərini möhkəmləndirir
Astana, 10 iyul, AZƏRTAC
“Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) inkişafına böyük diqqət yetirilir. Qazaxıstan və Azərbaycan infrastrukturun inkişafına, avtomobil və dəmir yollarının modernləşdirilməsinə böyük sərmayə qoyur”.
Bunu AZƏRTAC-a açıqlamasında Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun iqtisadi siyasətin təhlili şöbəsinin müdiri Anna Alşanskaya bildirib.
“Orta Dəhliz üzrə yük axını artır və müxtəlif geosiyasi dəyişikliklər fonunda o daha cəlbedici olur. Qazaxıstan və Azərbaycanın səyləri sayəsində ölkələrimizin nəqliyyat qovşağı kimi mövqeləri möhkəmlənəcək ki, bu da Avropanı Asiya ilə birləşdirməyə kömək edir və iqtisadi faydanı təmin edir”, - deyə A.Alşanskaya qeyd edib.
Onun sözlərinə görə, ölkələr arasında ticari-iqtisadi əlaqələr ildən-ilə möhkəmlənir, dostluq münasibətləri qurulub. Dövlət başçıları mütəmadi olaraq görüşlər keçirir.
“İxrac və idxalın şaxələndirilməsinin vacibliyi bu gün xüsusilə aktualdır və bu məqsəd hər bir ölkənin gündəliyindədir. Xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı ikitərəfli əlaqələri gücləndirmək üçün imkanlar təqdim edir”, - deyə A.Alşanskaya vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana