Qazaxıstanla Qırğızıstan arasında elektrik enerjisinin tədarükü və tranziti məsələləri müzakirə edilib
Astana, 23 iyul, AZƏRTAC
Qazaxıstan Respublikasının energetika naziri Yerlan Akkenjenov Astanada Qırğız Respublikasının enerji naziri Altınbek Rısbekov ilə görüşüb.
AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinin veb-saytına istinadla xəbər verir ki, tərəflər enerji sektorunda ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər. Həmçinin elektrik enerjisi sektorunda qarşılıqlı fəaliyyətə, regional su və enerji əməkdaşlığı çərçivəsində gələcək koordinasiyaya diqqət yetirilib.
Nazirlər elektrik təchizatı və tranziti məsələlərinə, enerji sisteminin iş rejimlərinin koordinasiyasına və əvvəllər əldə edilmiş razılaşmalar çərçivəsində gələcək əməkdaşlığa xüsusi diqqət yetiriblər.
Qazaxıstan enerji sistemlərinin etibarlı işləməsini təmin etmək və regional enerji tərəfdaşlığını gücləndirmək üçün Qırğızıstan tərəfi ilə sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Yerlan Akkenjenov bildirib: “Qazaxıstan enerji sektorunda Qırğızıstanın etibarlı tərəfdaşı olaraq qalır. Biz qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıyıq və hər iki ölkənin maraqlarını nəzərə alan, daxili bazarın sabitliyini təmin edən və regional enerji tərəfdaşlığının daha da inkişafına şərait yaradan birgə həlləri ardıcıl olaraq təşviq etməyə hazırıq”.
Nazirlər əsas enerji məsələləri üzrə fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.