“Qəbələ” klubu Gürcüstanda üç yoxlama oyununda qüvvəsini sınayacaq
Bakı, 8 iyun, AZƏRTAC
“Qəbələ” futbol klubunun yay hazırlıq planı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2015-2016-cı illər mövsümündən sonra istirahətə buraxılan komanda iyunun 10-da bir araya gələcək. “Qəbələ” 2016-2017-ci il mövsümünə hazırlığın birinci mərhələsini keçirmək üçün Bakıda toplaşacaq. “Qəbələ” iyunun 15-dək paytaxtda toplanışda olacaq. Roman Qriqorçukun yetirmələri bu müddətdə məşqlərini “Bakı” futbol klubunun bazasında gerçəkləşdirəcəklər.
Hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək “qırmızı-qaralar” təlim-məşq toplanışı üçün Gürcüstana yollanacaq. Komanda iyunun 16-dan 26-dək Tbilisidə hazırlıq keçəcək. “Qəbələ” qonşu ölkədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardan ikisindəki sınaqçı rəqiblər artıq bəllidir. “Qəbələ” iyunun 18-də Qorinin “Dila” kollektivi ilə qarşılaşacaq. 1949-cu ildə yaradılan komanda başa çatan mövsümdə Gürcüstan çempionatının bürünc mükafatını qazanıb. Bununla da UEFA Avropa Liqasına vəsiqə qazanan Qori təmsilçisi ölkə kubokunda da yarımfinala qədər irəliləyib. “Dila” 67 illik tarixində Gürcüstan çempionluğu (2014/2015) və ölkə kubokunun qalibi (2011/2012) titullarını qazanıb. Bu matçdan 4 gün sonra - iyunun 22-də “Qəbələ” Bolnisinin “Sioni” klubu ilə üz-üzə gələcək. Gürcüstan kubokunun finalında Tbilisi “Dinamo”suna 0:1 hesabı ilə uduzan Bolnisi təmsilçisi avrokuboklara vəsiqəni əldən verib. “Sioni” ötən mövsümü beşinci pillədə başa vurub. 1936-cı ildə yaradılan klubun 80 illik tarixində Gürcüstan çempionu (2005/2006), ölkə kubokunun (2003) və Superkubokunun (2006) qalibi titulları var.
Hazırlıq prosesinin son günündə - iyunun 26-da daha bir matça çıxacaq komandamız mümkün variantlar arasında seçim edəcək.