QƏBƏLƏ RAYON TƏHSİL İŞÇİLƏRİNİN ƏNƏNƏVİ KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransı açan rayon təhsil şöbəsinin müdir əvəzi Fərman Hacıyev hesabat məruzəsi ilə çıxış etmiş, 2003-2004-cü dərs ilində əldə edilmiş nailiyyətlərdən, işdə buraxılmış nöqsanlardan, qarşıda duran vacib məsələlərdən danışmışdır. O qeyd etmişdir ki, orta məktəbi bitirmiş 1338 məzundan 222-si tələbə adını qazanmış, onlardan 39-u 500-dən artıq bal toplamışdır. F.Hacıyev qəbul imtahanında ən yaxşı nəticə göstərmiş 7 nəfərə və rayon üzrə ən yaxşı təhsil müəssisəsi adını almış 4 nömrəli şəhər orta məktəbinin direktoru Qüdrət Aslanova RTŞ-nin və RİH-nin fəxri fərmanını və pul mükafatını təqdim etmişdir.
Sonra rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov, Təhsil Nazirliyinin nümayəndəsi Fərman Əliyev və başqaları çıxış edərək, ölkəmizin Prezidenti İlham Əliyevin 2004-cü il avqustun 21-də imzaladığı “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərmanın və “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” Sərəncamın əhəmiyyətindən, qarşıda duran mühüm vəzifələrdən danışmış, növbəti tədris ilində təhsil işçilərinə uğurlar diləmişlər.
Konfransda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.