İDMAN
“Qəbələ” üç futbolçu ilə yollarını ayırıb
Bakı, 31 may, AZƏRTAC
“Qəbələ” üç futbolçu - Vitali Vernidub, Ruslan Qurbanov və Famussa Kone ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, futbolçuların 2017-2018-ci il mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib. 2015-2016-cı il mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan Vernidub komandanın heyətində 78 oyun keçirib. Üç qol vuran ukraynalı müdafiəçi Premyer Liqada 45, UEFA Avropa Liqasında 26, Azərbaycan kubokunda 7 oyuna çıxıb. O, Premyer Liqada 2, avrokuboklarda isə 1 dəfə fərqlənib. Arxa xətt oyunçusu “Qəbələ” ilə Premyer Liqanın iki gümüş və bir bürünc mükafatını qazanıb, iki dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib və iki dəfə ölkə kubokunun finalçısı olub.
2016-cı ilin yayından “qırmızı-qara” forma geyinən R.Qurbanov komandada, ümumilikdə 59 oyun keçirib, 11 qol vurub. Yarımmüdafiəçi çempionatda 45 (6 qol), kubokda 8 (3 qol), avrokuboklarda 6 (2 qol) oyuna çıxıb. Ruslan Premyer Liqada iki gümüş medal əldə edib, 2 dəfə kubokun finalına yüksəlib və UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olub.
Ötən yaydan “Qəbələ”də çıxış edən Kone 33 matçda 7 qol vurub. Malili hücumçu çempionatda 23 oyunda 6 dəfə fərqlənibsə, kubokda 6 matça 1 qol vurub, avrokubokda isə 4 görüşə çıxıb. Kone komandamızla Premyer Liqanın gümüş medalını əldə edib və kubokun finalçısı olub.