Qəbələdə 65 yaşdan yuxarı vətəndaşlar koronavirusa qarşı peyvənd olunurlar
Qəbələ, 11 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qəbələ rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Qəbələdə ötən il istifadəyə verilən modul tipli xəstəxana kompleksində həyata keçirilir. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçiləri peyvənd olunublar. Fevralın 8-dən isə 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, peyvəndləmə kampaniyasına başlanandan indiyədək rayona 1320 doza vaksin gətirilib. İlk mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan 661 tibb işçisinə peyvəndin birinci dozası vurulub. Hazırda isə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunurlar. İndiyədək bu kateqoriyadan olan 90-dək vətəndaş peyvənd olunub və proses davam edir. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.