SİYASƏT
Qəbələdə bir qrup dövlət qulluqçusu fəxri fərman ilə təltif olunmuşdur
Qəbələ, 23 iyun (AZƏRTAC). İyunun 23-də Qəbələdə dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, dövlət qulluqçuları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə hörmət və ehtiramlarını ifadə etmişlər.
Sonra tədbir Qəbələ Mədəniyyət Mərkəzinin akt zalında davam etmişdir. Bayram tədbirində çıxış edənlər Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunan bu peşə bayramını dövlət idarəçiliyi sistemində dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində inkişaf etdirilməsi, eləcə də dövlətin demokratik tərəqqisini səciyyələndirən şərtlərdən biri olduğunu bildirmişlər.
Milli dövlət quruculuğu istiqamətində islahatların ardıcıl aparıldığı, islahatların insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunmasına və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinə xidmət etdiyi vurğulanmışdır. Hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə bu istiqamətdə atılan mühüm addımlardan biri kimi dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyi, həmçinin vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulduğu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Dövlət qulluqçuları çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.