QƏBƏLƏDƏ PİANOÇULARIN BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLƏCƏKDİR
Bakı, 7 avqust (AZƏRTAC). Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə pianoçuların Beynəlxalq musiqi festivalı keçiriləcəkdir. Festival çərçivəsində dünyanın tanınmış musiqiçilərinin konsertləri də təşkil olunacaqdır.
Avqustun 13-dən başlayaraq 10 gün ərzində müxtəlif ölkələrdən tanınmış pianoçular Qəbələdə bir araya gələcəklər. Artıq festivalın hazırlıq işlərinə başlanmışdır.
Festivalın musiqi üzrə direktoru Fərhad Bədəlbəyli bildirmişdir ki, Qəbələdə beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi üçün bütün imkanlar vardır. Festivalın bir neçə hissədən ibarət olması isə onun əhəmiyyətini daha da artıracaqdır.
Tədbir ərəfəsində Azərbaycan muğamı və caz gecələri təşkil olunacaq, habelə İsrailin məşhur simfonik orkestrinin çıxışı da proqrama daxil edilmişdir.
Beynəlxalq tədbirin daha rəngarəng keçməsi üçün münsiflər heyətinin üzvləri də konsert verəcəklər.