Qəbələli uşaqlar 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Qəbələ, 17 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Həmin müdhiş gecədə şəhid olan Vətən övladları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin uşaqlar üçün təşkil etdiyi anım tədbirində səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində 20 Yanvar şəhidlərinə həsr olunan rəsm və kitab sərgiləri ilə tanış olublar. Sonra Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva, Mərkəzin sosial iş üzrə mütəxəssisi Hökumə İsmayılova, tarix-diyarşünaslıq muzeyinin elmi işçisi İlhamə Seyidova, tarix müəllimi Esmira Seyidova çıxış edərək bildiriblər ki, 20 Yanvar günü müasir tariximizdə xalqımızın azadlıq və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıyır və gələcək nəsillər üçün əsl qəhrəmanlıq örnəyidir. Çıxışlarda faciə qurbanlarının qəhrəmanlığının heç vaxt unudulmayacağı, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağı xüsusi vurğulanıb.
Sonra uşaqların hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şeirlər səsləndirilib.
Tədbir çərçivəsində uşaqlar Şəhidlər xiyabanını da ziyarət edib, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüblər.