“Qəbələ”nin baş məşqçisi: Təhlükəli futbolçuları olan rəqiblə qarşılaşacağımızı bilirdik
Bakı, 26 oktyabr, AZƏRTAC
İlk matçdan sonra kifayət qədər təhlükəli futbolçuları olan rəqiblə qarşılaşacağımızı bilirdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının I mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubuna 1:0 hesabı ilə qalib gəldikləri cavab oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis rəqibin zəif cəhətlərini analiz etdiklərini bildirib: “Onların oyun üslubu analiz etdiyimiz kimi də oldu. Müəyyən taktiki tapşırıqlarımız var idi. Uşaqlar hər birini yaxşı yerinə yetirdilər. Matçda hər iki komandanın qol epizodu oldu. Sadəcə biz bu epizoddan daha yaxşı istifadə edə bildik. Oyunçularımız layiqli qələbə qazandılar. Bundan sonra növbəti mərhələyə fokuslanmışıq”.
F.Xəlilov matçın yeganə qolunun müəllifi olan Kənan Baxışovun qolunun maraqlı alındığını vurğulayıb: “Standart vəziyyətlər üzərində işləmişdik. Həmin bölgədən Kənanın zərbə vuracağını müəyyənləşdirmişik. Amma ötürmədən sonra zərbə vurmaq üzərində çalışmamışdıq. Bu, mənim üçün də sürpriz oldu. Futbolçular özlərinə inandılar, biz də oyunu onların öhdəliyinə buraxdıq”.
Kənan Baxışov isə qol vuracağını təxmin etmədiyini söyləyib: “Oyun çox ağır keçdi. Rəqibin güclü olmağına baxmayaraq, yaxşı nəticə əldə etdik. Topa yaxınlaşanda çox həyəcanlı idim. Sevinirəm ki, karyeramda ən gözəl qollardan birini vurdum. Hazırda isə gələn oyunlara köklənməliyik”.