REGİONLAR
Qəbələnin otel və mehmanxanaları doqquz ayda 67 mindən çox turistə xidmət göstərib
Qəbələ, 18 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 67 min 805 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 62 min 237 nəfəri və ya 91,8 faizi Azərbaycan, 5 min 568 nəfəri və ya 8,2 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 9 ayda Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15 min 734 nəfər və ya 30,2 faiz artıb. Həmin müddətdə yerli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 min 115 nəfər və ya 44,3 faiz artsa da, əcnəbi turistlərin sayında 3 min 381 nəfər və ya 37,8 faiz azalma qeydə alınıb. Xarici turistlərin sayında azalma, ilk növbədə, koronavirus pandemiyası səbəbindən ötən ilin əvvəllərindən etibarən ölkələr arasında əlaqələrin məhdudlaşdırılması ilə əlaqədardır.
Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üstünlük təşkil edib. Belə ki, ötən müddətdə bu ölkənin 1292 vətəndaşı Qəbələyə gəlib. Ümumiyyətlə, cari ilin 9 ayında Qəbələyə Türkiyədən 566, Rusiyadan 557, Qətərdən 356, Hindistandan 322, İsraildən 285, Səudiyyə Ərəbistanından 199, Pakistandan 174, Böyük Britaniyadan 149, İrandan 123, ABŞ-dan isə 119 turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 1426 nəfəri isə digər ölkələrin vətəndaşları olub.