“Qədim Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” adlı kitabın təqdimatı keçirilib
Gəncə, 16 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) yeni nəşr olunan “Qədim Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” adlı kitabın təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təqdimatda çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva kitab haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, bu kitabda təqdim olunan məlumatlar Azərbaycanın region tarixində rolunu və tarixi həqiqətləri daha dərindən anlamağa imkan yaradır.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov diqqətə çatdırıb ki, yeni nəşr olunan kitab “İrəvan rəqəmsal arxivlərdə” layihəsi çərçivəsində hazırlanıb. Layihə İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi tərəfindən icra olunur və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Təqdimat mərasimində bildirilib ki, “Qədim Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” adlı kitabın müəllifləri Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, GDU-nun Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə və Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdış İctimai Birliyinin sədri Firuzə İsgəndərovadır. Nəşrin redaktoru Gələcək Naminə Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Tural İsaqovdur. Kitabın ön söz hissəsində deputat, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin fikirləri yer alıb.
İki fəsildən ibarət olan kitabın birinci fəslində İrəvan şəhərinin tarixindən, ikinci fəsildə isə tarixi-memarlıq abidələrdən bəhs edilib. İrəvanın siyasi tarixi, demoqrafik mənzərəsi, memarlıq irsi, şəhərsalma strukturu, iqtisadi və mədəni həyatı sistemli şəkildə araşdırılıb, tarixi faktlar geniş elmi təhlillə təqdim olunub.
Rektorun baş müşaviri Asif Cavadov, Riyazi-analiz kafedrasının müdiri Orucəli Rzayev, Fizika kafedrasının müdiri Yəhya Namazov, Cəbr və həndəsə kafedrasının müdiri İlqar Cabbarov və kitabın redaktoru Tural İsaqov çıxış edərək nəşr barədə fikirlərini bölüşüblər. Qeyd ediblər ki, müəlliflərin arxivlərə əsaslanan yanaşması, müqayisəli tədqiqat metodu, faktların dəqiqliyi əsərin dəyərini daha da artırır.