Qədim tarixə malik Qala kəndinə həsr olunan müsabiqə elan edilib
Bakı, 26 dekabr, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyası “Abşeronun tarixi və mədəni irsində Qala kəndinin rolu” adlı müsabiqə elan edib.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, Abşeron yarımadasının şimal-şərqində yerləşən, beş min illik yaşa malik Qala kəndinə həsr olunan müsabiqənin keçirilməsində məqsəd bu ərazidəki memarlıq abidələrinin (5 məscid, 3 hamam, yeraltı kəhrizlər, məqbərə, sərdabələr, yaşayış evləri və s.) öyrənilməmiş tərəflərinin araşdırılmasına gənc tədqiqatçıları cəlb etməkdir.
Müsabiqədə 35 yaşa qədər alim və tədqiqatçılar iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan işlərə dair tələblər:
a) müsabiqəyə qədər heç yerdə dərc edilməyən əsərlər qəbul edilir;
b) işlər Azərbaycan və ya rus dilində təqdim oluna bilər;
c) işlərin məzmununa dair əsas tələblər:
- tarixi faktlar və etibarlı mənbələrdən istifadə;
- icra müstəqilliyi və elmi yenilik;
- orijinallıq, plagiat elementlərinin olmaması;
- empirik məlumatların və nəzəri nəticələrin təsviri, təqdimatın müxtəsərliyi;
- praktiki dəyər;
- nəticə və tövsiyələrin olması;
ç) müsabiqə işinin həcmi A4 formatlı, “Times New Roman” şrifti, 1,5 interval və 14 ölçü ilə 10 səhifədən az və 20 səhifədən çox olmamalıdır. Foto və illüstrativ materiallar 5 səhifədən artıq olmamalıdır;
d) təqdim olunacaq məqalələr elektron formada 1 aprel 2019-cu il tarixədək [email protected] ünvanına göndərilməlidir;
e) məqalə ilə birlikdə iştirakçının özü haqqında aşağıdakı məlumatlar da göndərilməlidir:
- soyadı, adı, atasının adı
- təvəllüdü
- təmsil etdiyi ali məktəbin və ya elm müəssisəsinin adı, ünvanı
- ev ünvanı
- vəzifəsi, fakültənin, kafedranın, şöbənin və s. adı
- elektron poçt ünvanı
- əlaqə telefonları
Müsabiqədə I, II, III yerləri tutanlar müvafiq olaraq 1500, 1000, 500 manat məbləğində pul və fəxri fərmanla mükafatlandırılacaqlar. Tədqiqatlar münsiflərə imzasız təqdim ediləcək.
Müsabiqənin nəticələri bu ilin may ayının ilk ongünlüyündə elan ediləcək. Seçilmiş məqalələr toplu şəklində nəşr olunacaq.