ŞƏRH
Qərb Ermənistanı dəstəkləməklə bölgədə mövcud olan kövrək sülhə təhdid yaradır ŞƏRH
Bakı, 10 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tarixi Zəfərimizə həsr edilən parkın açılışını etməsi hər birimiz üçün olduqca sevindirici haldır.
Ölkəmiz uzun müddət kifayət qədər çətin və mürəkkəb geosiyasi şəraitdə erməni işğalı ilə mübarizə aparıb, beynəlxalq hüquq çərçivəsində torpaqlarımızı geri qaytarmağa çalışıb. Lakin çox təəssüf hissi ilə qeyd edirəm ki, biz heç vaxt beynəlxalq ictimaiyyətin səmimiyyətini və işğalla bağlı qəti mövqe nümayiş etdirdiyinin şahidi olmadıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
Təcavüzkar Ermənistanın otuzillik işğalı haqqında danışan deputat deyib: "İşğalçı Ermənistan daha çox dəstəkləndi, onun təcavüzkar davranışları görməzdən gəlindi və bu yetməzmiş kimi Azərbaycana işğalla barışmaq təklifləri edildi. Lakin Prezident İlham Əliyev heç vaxt işğalla barışmadı. Onun qətiyyətli addımları və prinsipial mövqeyi nəticəsində əzəli torpaqlarımız hərbi gücün tətbiqi ilə geri qaytarıldı. Bu, Azərbaycanın təkcə Ermənistan üzərində deyil, onun havadarları, işğalda bilavasitə iştirak edən güclər üzərində qələbəsi idi. Elə bu səbəbdən müharibədən sonra Cənubi Qafqazda siyasi müstəvidə yeni geosiyasi reallıqlar yarandı”.
O bildirib ki, Zəfər parkının açılışı zamanı bir sıra mühüm açıqlamalar verən dövlətimizin başçısı, xüsusilə regiondakı siyasi proseslər və Ermənistanın revanşist meyilləri fonunda silahlandırılmasına qarşı qəti şəkildə mövqe nümayiş etdirdi: “Heç kimə sirr deyil ki, Qərb Ermənistanı dəstəkləməklə bölgədə mövcud olan kövrək sülhə təhdid yaradır. Onların davranışları Ermənistanın növbəti müharibəyə hazırlaşmasına rəvac verir. Lakin Azərbaycan bütün qarayaxma kampaniyasına və hərbi təhdidlərə rəğmən öz prinsipial mövqeyində qətidir və heç bir qüvvə bizi yolumuzdan döndərmək iqtidarında deyil”.